Modern.az

“Putin bu qərarla Avropaya meydan oxuyur”

“Putin bu qərarla Avropaya meydan oxuyur”

2 Sentyabr 2015, 16:41

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri çərçivəsində ticarətin ABŞ dolları ilə aparılmasından imtina edilməsi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib. Layihəyə əsasən “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında” saziş çərçivəsində hesablaşmalarda valyuta kimi dollar və avrodan imtina edilməsinə imkan verən mexanizm yaradılacaq.

Söhbət əsasən Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələr arasında vahid maliyyə bazarının yaradılmasından gedir. Avrasiya İqtisadi İttifaqı çərçivəsində ölkələr artıq milli valyutalara keçilməsini müzakirə ediblər. Buna əsasən 2025-2030-cu illərdə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan milli valyutalarla ticarət aparacaq. Hazırda ittifaq ölkələri arasında ticarətin təxminən yarısı dollar və avro ilə aparılır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına deyib ki, Putinin bu qərarı Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlıdır:

“Heç kəsə sirr deyil ki, bu, Vladimir Putinin Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq atdığı addımdır. Bu addım birinci deyil. 10 il əvvəl neftin dollarla satışını dayandırmaq istəyirdilər. Bu barədə hətta İranla danışıqlar da aparılıb Sank-Peterburqda neft birjası yaradacaqlarını bəyan etmişdilər. Lakin bu işlər alınmadı. Çünki dünya bazarında belə oyunların baş verməsi o qədər asan, Rusiya və İranın istəyindən asılı olan məsələ deyil. İnvestorlar belə valyutalara maraq göstərmədiyindən bunu qəbul etmədilər. Onlar üçün sabiq valyutalar daha önəmlidir.

Nəzərə almaq lazımdır ki, ABŞ dollarının dünya valyutasına çevrilməsi birdən-birə, həm də ABŞ-ın istəyi ilə baş verməyib. Bu uzun müddətə formalaşmış prosesdir”.

Azər Mehtiyev hesab edir ki, Putinin bununla bağlı qərarı Avropaya meydan oxumaqdan başqa bir şey deyil:

“Sanksiyalar tətbiq edildikdən sonra Rusiya Çinlə müqavilələr bağlamağa çalışdı. İki dövlət arasındakı sövdələşmələrin milli valyutalarla aparılmasını planlaşdırdılar. Bu da əslində uğur qazana bilmədi. Xüsusilə rublun sürətlə dəyərdən düşməsi Çini bunda maraqlı etmirdi. İndi Rusiya zəif bir həlqə tapıb. O istəyir ki, güclü deyil, prinsip etibarilə özündən zəif ölkələrlə bu layihəni həyata keçirsin və MDB ölkələri ilə ticarəti rubl və ya həmin ölkələrin milli valyutaları ilə reallaşdırsın.

Əlbəttə, hamı soruşa bilər: “Niyə də baş verməsin, iki ölkənin sahibkarları arasında gedən proseslərə nə mane olur?” Amma nəzərə alaq ki, bu gün bankalararası köçürmələrin hamısına Amerika bankları vasitəsilə nəzarət olunur. Eyni zamanda, bu ölkələrin valyutalarının özü MDB məkanında o qədər də sabit deyil, sürətli dəyişikliyə məruz qalır. Xüsusilə həmin ölkələrin iqtisadiyyatı dəyişkən böhran içərisindədir.

Bu qanun qəbul olunsa da, onun işlək mexanizm olmayacağı gözlə görünür. Bu baxımdan Putinin belə qanunlar yaratması və ya onun qəbuluna cəhd Avropaya meydan oxunmasından başqa bir şey deyil”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu