Modern.az

İlyas İsmayılovun partiyası İlham Rəhimovla "mübarizəyə" aydınlıq gətirdi

İlyas İsmayılovun partiyası İlham Rəhimovla "mübarizəyə" aydınlıq gətirdi

3 Sentyabr 2015, 11:02


Ədalət Partiyasının sədri İlyas İsmayılovun sabiq müavini, “Putinin dostu” kimi tanınan iş adamı İlham Rəhimovla aralarında deputat mandatı uğrunda mübarizənin şiddətləndiyinə dair iddialar var.

“Azadlıq” qəzetinin “İlyas İsmayılovun “Putinin dostu”na qarşı “at gedişi”” başlığı altında yaydığı məqalədə bildirilir ki, İlham Rəhimov 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmək istəyən İlyas İsmayılova əngəllər yaratmaq istəyir.

Mətbuat səhifələrində iki tanınmış simanın deputat kreslosu uğrunda girişdikləri mübarizənin düşmənçilik həddinə çatdığı barədə yazılanlara Ədalət Partiyası münasibət bildirib.

Partiyanın sədr müavini Mütəllim Rəhimli Modern.az saytına açıqlamasında deyib ki, İlyas İsmayılovla İlham Rəhimov arasında problem yoxdur.

“Son zamanlar yazılanlar yalnız mətbuatın ortaya atdığı mövzulardır. Mətbuatdan kənar bununla bağlı hər hansı müzakirələrin getdiyinin şahidi olmamışam. Yazılanlar reallıqdan kənar fantaziyaya əsaslanır”,-deyə o bildirib.

Partiya funksioneri onu da qeyd edib ki, İlyas İsmayılova bu parlament seçkisində siyasi mübarizə çərçivəsində kimsə rəqib ola bilər.

“Bu, normaldır. Kimsə namizəd olacaqsa, onları rəqib kimi görməmək düzgün deyil. Amma mən əminəm ki, İlyas İsmayılovun şansları daha çoxdur. İlyas müəllim seçicilərin etimadını doğruldub. Ona çox böyük simpatiya var. O, daimi olaraq insanların problemlərini dinləyib, onların şikayətlərini lazımi dövlət qurumlarına çatdırıb”

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu