Modern.az

2016-cı ilin dövlət büdcəsi necə hazırlansın? - Elm və təhsil komitəsinin ARQUMENTLƏRİ

2016-cı ilin dövlət büdcəsi necə hazırlansın? - Elm və təhsil komitəsinin ARQUMENTLƏRİ

3 Sentyabr 2015, 15:00


Sentyabrın 1-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində toplantı keçirilib. Toplantıda 2016-cı ilin dövlət büdcəsi müzakirə edilib.

Nəzərə alsaq ki, dünya ölkələrində, xüsusilə bizə yaxın dövlətlərdə maliyyə böhranı yaşanmaqdadır, üstəgəl, neftin qiyməti də düşməkdə davam edir, belə olan halda Azərbaycanın 2016-cı ilı dövlət büdcəsi necə olmalıdır?

Milli Məclisin komitələri 2016-cı ilin dövlət büdcəsi barədə nə düşünür?

Büdcəyə hansı yeni təkliflərin edilməsi gözlənilir?

Modern.az saytı bu sualla Milli Məclisin komitələrindən aldığı açıqlamalarla silsilə yazılar dərc edəcək.

İlk olaraq parlamentin Elm və təhsil komitəsi ilə əlaqə saxladıq.

Sözügedən komitənin  üzvü Musa Qasımlı dünyada baş verən proseslərin ölkəmizə təsirsiz ötüşmədiyini deyib.

“Azərbaycan Respublikası dövləti dünyanın bir parçasıdır və baş verən qlobal proseslər ölkəmizə də müvafiq təsir edir. İndi dünyada çox mürəkkəb bir vəziyyət yaranıb: hər şey qarışıb, müharibələr, münaqişələr davam edir, ümumi böhran dərinləşir. Bu böhranı biz yaratmamışıq. Ancaq ziyanı bizə də dəyir.

Belə bir şəraitdə, dünyada gedən mürəkkəb hadisələr fonunda dərinləşən böhran məngənəsində Azərbaycanın 2015-ci il büdcəsinin həm sosial, həm də investisiya yönümlü olması riskli olsa da, uğurla yerinə yetirilməsinin hələ də davam etməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən bacarıqlı siyasətin nəticədir”.

Deputatın fikrincə,  2016-cı il üçün dövlət büdcəsi tərtib edilərkən mütləq dünya konyukturası, baş verən hadisələr, neftin qiymətinin aşağı düşməsi, yeni müstəqil dövlətlərdə və Yaxın, Orta Şərqdə cərəyan edən hadisələrin mümkün təsirləri proqnozlaşdırılmalı və nəzərə alınmalıdır.

“Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, belə böhranlı şəraitlərdə dövlətlərin büdcəsi tərtib edilərkən adətən investisiya xərcləri azaldılır, cəmiyyətin aztəminatlı təbəqələrinin sosial müdafiəsini dövlətin qoruması məqsədilə tədbirlərə üstünlük verilir. Çünki böhran zamanı xarici və daxili investorlar sərmayə qoymağa risk etmir, hadisələrin gedişini izləyir və necə nəticələnəcəyini gözləyirlər. Böhran faciə deyil, ağır vəziyyətdən çıxmaq və inkişaf etmək üçün yeni imkanlar verən bir hadisədir. Ona görə də böhrandan qormamalıyıq, qorxunun özündən qorxmalıyıq”.

Musa Qasımlı həmçinin üzv olduğu komitənin 2016-cı ilin dövlət büdcəsinin hazırlanmasında təxminən hansı təkliflər verəcəyini də söyləyib.

“Yeni büdcədə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatı, turizm və müasir informasiya texnologiyaların inkişafına xüsusi yer ayrılmasının faydalı olacağı qənaətindəyəm. Elm və təhsil sahəsinə ayrılan xərclər dövlətin imkanları ilə bağlı olan məsələdir.

Amma belə hesab edirəm ki, universitetlərə və AMEA-ya əlavə gəlirlər gətirən fəaliyyətlə və ya dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, "elmin biznesi" ilə məşğul olmaq üçün imkan yaradılması faydalı olar. Öz vəsaitləri hesabına xaricdə təhsil alanların ölkəmizdə həmin vəsaitlərini qoyması üçün müvafiq işlərin görülməsi də fayda verərdi”.

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama