Modern.az

Orta məktəblərdə PROBLEM: “Heç yerlərində də oturmurlar”

Orta məktəblərdə PROBLEM: “Heç yerlərində də oturmurlar”

3 Sentyabr 2015, 15:50


Yeni  dərs ilinin başlamasına 2 həftədən də az qalıb. İstər müəllimlər, istərsə də şagirdlər böyük bir intizarla məktəblərin açılmasını gözləyirlər. Bu il ilk dəfə məktəbə gedəcək uşaqlar isə  həyəcan və intizardadırlar. 

Modern. az orta məktəblərdə təhlükəsizliyin  hansı  səviyyədə təmin edilməsi  ilə bağlı təhsil üzrə ekspert  Etibar  Əliyevin fikirlərini öyrənib. Onun fikrincə, orta məktəblərdə mühafizə sistemi  çox zəifdir: “Biz tez-tez görürük ki, mühafizəçilərin çoxu heç  yerində oturmur. Bu, bilavasitə iki səbəblə bağlıdır. Birincisi, əmək haqqı azdır, digər tərəfdən  işin təşkili çox zəif qurulub.

Məlumdur ki, özəl  məktəblərdə, liseylərdə  mühafizəçilər həmin məktəbin  gəliri hesabına saxlanılır. Lakin dövlət orta məktəblərində  belə deyil. Əslində  vahid şəbəkə şəklində fəaliyyət göstərilməlidir.  Yalnız  özəl  məktəblər  qorunma statusuna malik olmamalıdır.

Bütün məktəblərə şamil olunmalıdır. Orada bizim uşaqlarımız təhsil alırlar, təhlükəsizlikləri təmin olunmalıdır. Fikrimcə, bu problemin həlli üçün yeni vəsaitlər ayrılmalıdır. Mühafizə xidməti vahid formada həyata keçirilməlidir”.

Etibar Əliyev onu da vurğuladı ki, ümumtəhsil orta məktəblərində direktorlar mühafizə sisteminə ciddi nəzarəti boyunlarına götürməlidirlər:  “Məktəb direktorları  nəzarət etməlidirlər. 

Açıq danışaq, məktəb direktorları  istər müəllimlərdən, istərsə də şagirdlərdən  qanundan kənar əlavə vəsaitlər istəyə bilirsə,  o zaman həmən vəsaitin heç olmasa  bir hissəsini də mühafizəyə ayırmalıdır. Yaxud hər bir məktəbin fondu yaradılıb. Həmin fondun hesabına mühafizəçilərin sayı artırılmalıdır, gücləndirilmiş şəraitdə nəzarət altına alınmalıdır. Lakin  etiraf edək ki, bu gün buna əməl olunmur və məktəblərin qorunması qənaətbəxş deyil”.

O, Təhsil Nazirliyinin də məsələ ilə əlaqədar birbaşa müdaxiləsinin və tez-tez monitorinqlərin keçirilməsinin vacibliyini vurğulayıb: “Təhsil Nazirliyi mühafizə xidməti ilə məşğul olan şirkətlərlə birbaşa müştərək formada hərəkət etməlidir.

Ümumtəhsil orta məktəblərində bütün proseslərə nəzarəti  Təhsil Nazirliyi edir. Ona görə nazirlik həmin mühafizə şirkətləri ilə əlaqə saxlamalı,  mühafizənin  ciddi, yaxud qeyri-ciddiliyinə nəzarət etməlidir, çatışmazlıqlar varsa aradan qaldırmaq üçün müəyyən tədbirlər görməlidir. Bundan əlavə, məsələlərdə tez-tez monitorinqlər aparmaq lazımdır”.

Leyla Əfqan

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu