Qərbdəki bəzi qurumlar öz çirkin əməllərinin faş olacağından ehtiyat etdiyindən, ölkəmizə qarşı qərəzçilikdən əl çəkmirlər.
Modern.az xəbər verir ki, bu fikir ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və İnsan Hüquqları üzrə Avropa komissarı Nil Mujnieksin Azərbaycana əsassız ittihamlarına münasibət bildirən millət vəkili Fərəc Quliyevə məxsusdur.
Millət vəkili qeyd edib ki, Azərbaycanda heç kimi siyasi fikrinə görə təqib etmirlər: “Heç bir mətbu orqana basqı yoxdur. Çoxsaylı mətbu orqan dəfələrlə dövlət tərəfindən maliyyə yardımı alıb. Çoxsaylı jurnalist dövlət tərəfindən mənzillə təmin edilib. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. İnternet qadağası yoxdur. Mətbu orqanlarda çalışanlardan birisi hansısa formada cəzalanırsa, bu, fəaliyyətə görə deyil, deməli, onun fərdi olaraq gördüyü bir iş vardır. Heç kim qanundan kənar davranış üçün təminat almayıb. Heç kim qanunlardan yan keçə bilməz. Heç kimin heç bir statusu ona imkan vermir ki, qanunları tapdalasın”.
Cinayət törədən hər kəs ona görə cavab verməli olduğunu deyən F.Quliyev konkret olaraq Xədicə İsmayılovanın da əməlinə görə ittiham olunduğunu bildirib: “Hamı qanun qarşısında bərabərdirsə, kiminsə statusuna, tutduğu mövqeyə görə ona güzəşt edilə bilməz. Əslində, bir çox Qərb ölkələri burada onların iradəsini həyata keçirmək istiqamətində fəaliyyət göstərən adamları ona görə müdafiə edir ki, onlar araşdırmalar qarşısında dayananda sonuc olaraq həmin təsisat və dövlətlərin də əsl siması açılır. Məlum olur ki, onlar Azərbaycana arxadan hansısa zərbəni vurmaq istəyiblər. Əslində, Qərbdəki həmin qurumlar həbs edilən həmin adamları deyil, öz əməllərini sığortalamaq üçün bu adamları zahirən müdafiə edirlər. Lakin onun əsasında öz əməllərini müdafiə etmək mədsədi dayanır”.
Modern.az