“Biznes fəaliyyəti ilə məşğul olanlar və dövlət qulluğunda çalışanların parlamentdə yer alması qanunsuzdur”.
Bu sözləri AİM.az-a “525-ci” qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad MƏCİD “Oliqarxlara seçki qadağası” iddiasını şərh edərkən deyib.
Baş yazarın sözlərinə görə, Azərbaycan Milli Məclisində (MM) təmsil olunanlar sırasında çoxsaylı dövlət şirkəti rəhbələri, ali məktəb rektorları və iş adamaları mövcuddur: “Bu insanların parlamentdə yer alması qanunla qadağandır. Hesab edirəm ki, indiki parlamentdə gərək bu cür hallara son qoyulsun. Sözügedən statusda olan insanlar seçkilərə qatılmasınlar. Çünki onlar bərabərhüquqlu rəqabət prinsipini də pozur. Əllərində həm dövlət rıçaklar, həm də biznes imkanları olur ki, bu da adsız rəqabətə gətirib çıxarır. Yəqin indiki seçkilərdə bu qanuna əməl olunacaq”.
Rəşad Məcid onu da diqqətə çatdırıb ki, oliqarxların parlamentdə təmsilçiliyi və fəaliyyətinin heç bir faydası yoxdur: “Məsələn, ARDNŞ prezidenti Rövnəq Abdullayevin həddən artıq işi var. Onun millət vəkili kimi fəaliyyəti çox minimaldır. Düzdü, o, seçicilərinə müəyyən maddi köməkliklər göstərə bilər. Amma qanun yaradıcılığında və digər məsələlərdə onun vaxtı yoxdur ki, millət vəkili fəlaiyyəti ilə məşğul olsun. Belə geniş fəaliyyəti olan insanların parlamentdə yer alması hüquqi və mənəvi baxımdan doğru deyil”.
Modern.az