Modern.az

Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır – RÖVNƏQ ABDULLAYEV

 Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır – RÖVNƏQ ABDULLAYEV

3 Sentyabr 2015, 23:57

 

Modern.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev yışma komandamızın uğurlu nəticəsindən razı qaldığını bildirib.

"Futbolçular yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir". Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində millimizin Xorvatiya ilə 0-0 bərabərə qaldığı matçdan sonra deyib.

O, qarşılaşmadan sonra futbolçularla görüşdüyünü və onları təbrik etdiyini söyləyib:"Onları təriflədim. Belə davam etsinlər!"

R.Abdullayev futbolçularla dünənki görüşündən də danışıb: "Futbolçulara söylədim ki, keçən dəfə həyatımda birinci dəfə ilk hissədən sonra stadionu tərk etdim, dözə bilmədim. Onlara dedim, elə etsinlər ki, bunun əvəzini çıxsınlar və bacardılar. Xorvatiya çox arxayın gəlmişdi".

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki isə oyunçuları ilə fəxr etdiyini bildirib: “Çünki rəqib Avropanın ən güclü komandalarından biri idi. Mənim komandam mübarizə apardı və futbol oynadı. Mənə elə gəlir ki, bu Azərbaycan futbolu üçün yaxşı nəticədir".

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu