Namidə Bingöl
İndi bir çoxlarının başı daha vacib işə qarışıb. Deputatlıq uğrunda mübarizəyə qoşulanlar təfəkkürlərində, xəyallarında siyasi elitanın mərkəzində qərarlaşmaq arzusundadırlar. Olsun! Geniş kütlə qarşısında söz deməyə hər kəsin mənəvi haqqı çatır. Yetər ki, cəsarət və ağıl, qabiliyyət və bacarıq bütöv şəkildə ortaya qoyulsun!
Növbəti mövsümdən başlayaraq həftənin siyasi hesabatını təqdim edirəm!“Qəfil hücum” yoxsa səmimi etiraf?!
Düzü, siyasətin içində bəzən elə “mütəşəkkil” qüvvələr olur ki, qatığa qara dedizdirməklə özlərinin inkişaf strategiyalarını məhdudlaşdırırlar. Bir növ beyinlərdə cəhənnəm təsəvvürünü yox etmək istəyirlər. Reallıq isə şəffaflıq kodeksindən çıxmamağı tövsiyə edir.
Maraqlıdır ki, AXCP-dən istefa verən və yeni AXCP yaratmağa can atan Razi Nurullayev şikayətçi qismində “etiraflar” edib. Sən demə, 90-cı illərdən bəri Azərbaycan siyasi ab-havasını uğursuz siyasətçilər formalaşdırıb.
Razi bəyin təbirincə desək, seçkidən-seçkiyə xalqı yada salanlar, “şipşirin kreslo” uğrunda bir-birinə acıq verənlər növbəti siyasi oyunda bir daha uğursuz olduqlarını göstərəcəklər. Düzü, Razi bəy ad çəkməsə də bu tip siyasətçilərdən istefa ərizəsi yazmalarını tələb edir.
Görəsən, “etiraflar”ı ard-arda düzüb qəfil hücum taktikasına keçməyə gec qalmadıqmı?! Və yaxud da “AXCP sədri Əli Kərimli yeyib-içən oğlandır. Bəlkə də ən yaxşı insandır”-deyən Razi Nurulayev cənab Kərimlinin bu keyfiyyətlərinin fərdi və şəxsi həyatda keçərli olduğunu vurğulamaqla, əcəba, siyasi mühitə “təzə don” geyindirməkmi istəyir?!
Belə bir fikir də var ki yeyib-içən oğlanlardan kimsəyə zərər dəyməz. İndi biz necə başa düşək?! Razi bəy deyir ki, siyasətin “yeyib-içən Əli Kərimlisi” partiya daxilində parçalanmalara yol açır. Məgər, Razi bəy çat verən divarın zamanında təmirə ehtiyacı olduğunu görmürdü?! Yoxsa, yeyib-içən oğlanın hər səfərdə qədəhə süzdüyü şərab daha bihuçedici idi?!
Görünən odur ki, siyasətdə etibar məsələsi duz-çörəklə ölçülmür. Lap “filankəsin çörəyi dizinin üstündədir” məsəli yadıma düşdü. Nə isə!
Gözlərim yolda qulağım səsdə
O səbəbdən ki, Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərin siyahısını hələ də ictimaiyyətə təqdim etməyib. Düzü, islanmışın yağışdan heç bir qorxusu olmadığı kimi, indi mənim də itirəcəyim kreslo yoxdur.
Sadəcə olaraq, birinci, ikinci üçüncü çağırış bəzi deputatlar var ki, mandatlarını itirə bilmə ehtimalının olduğu qənaətindədirlər. Əslində, burda təəccüblü heç nə yoxdur. Bir dairədən bir neçə nəfər deputatlığa namizədliyini irəli sürə bilər.
Təbii ki, son sözü seçici deyəcək.
Yeri gəlmişkən, YAP-ın seçki siyahısındakı namizədlərin kimliyi yaman maraq doğurur. Bu səbəbdən də bütün gözlər “YAP-ın qapısı”na dikilib.
Hər halda, yeni sima və adlar siyasətdə növbəti mübarizə və rəqabət üçün başlanğıc ola bilər. İndi həyəcanla döyünən ürəklərin əllərini səmaya tutub, “Nə olur Allahım, eşit səsimi. Mən deputat olum” deyənlər də var.
Siyasətdə gizlən, sonra üzə çıx oyunu
Həə bax bu başqa məsələ. Deyərdim ki, bir çox siyasətçilər bu oyundan mütəmadi olaraq yararlanır. Əslində, siyasət gizlənpaç oynamaq üçün yaxşı meydandır. Bir növ diqqəti əsas məsələdən yayındırmaq üçün köynəyinin yaxasını kənara çəkirsən. Bir müddət heç kəsin yadına da düşmürsən.
Parlament seçkiləri yaxınlaşdıqca Eldar Namazov bir az da geri çəkilir. Soruşanda ki, “Eldar bəy, niyə səsiniz gəlmir? Parlament seçkiləri ilə bağlı nə kimi palnlarınız var?” Cənab Namazov uşaq başı aldadan cavablar verir. “Bu aralar heç nə danışmaq istəmirəm. Danışmağa hazır deyiləm”. Siz siyasətçisiniz e Eldar bəy! Ətəyinizdə “namaz qılıb”, “oruc tutmaq” istəyənlər var. Olmaz belə. Lütfən, özünüzə gəlin. Siz bu cür danışmaqla bizi inandıra biləcəyinizimi düşünürsünüz?! Yox, Eldar bəy! “Keçəl suya getməz”.
Məncə, qısa da olsa, xatırlatmaq yerinə düşər. 2013-cü ilin prezident seçkiləri öncəsi Eldar bəyin canfəşanlıq nümayiş etdirməsi gözümüzün önündən kino lenti kimi gəlib keçir. Kinorejissor Rüstəm İbrahimbəyova sanki “vəkillik” edən, “biz gəlirik, biz mövcud vəziyyəti kökündən dəyişəcəyik” deyən bəy Namazov görəsən, indi haralardadır?!
Rüstəm İbrahimbəyovun seçkilərlə bağlı danışmağa sözü olmaya bilər. Çünki səhhətinə hopan ağır xəstəlik əsas maneedici qüvvəyə çevrilib. Bəs Eldar Namazov?! Bəs onu susmağa vadar edən nədir?! Təbii ki, seçki ərəfəsində üzdə görünməməklə, “mən siyasəti izləmirəm” deməklə, Eldar Namazov heç də, inandırıcı təsir bağışlamır. Necə deyərlər, çarx-çarx baş ağrıtsa da dəyirman öz işini görür.
Yəni Eldar Namazovun da bu aralar bir kənara çəkilib “gizlənməsi”, qəfil üzə çıxması üçün hazırlıq mərhələsi də ola bilər. Həmçinin, Eldar Namazov ağılsız, cəsarətsiz, bacarıqsız siyasətçi deyil ki, kütlə qarşısında danışmağa sözü olmasın. Ola bilər ki, cənab Namazov məqam gözləyir.
Təbii ki, maraqları da nəzərə almaq lazımdır. Başa düşürük ki, susmaq qızıldı Eldar bəy! Unutmayın ki, bir az da sussanız “qızıl” qiymətini itirəcək. Bəlkə də sizi susmağa vadar edən qüvvələr var! Kim bilir, bəlkə də. O zaman “gizlənpaç oynamağa” davam edin, Eldar bəy!