Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Modern.az saytı xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş adamına hökm oxunub. Məhkəmə heyəti Abdulla Abdullayevə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.
Abdulla Abdullayev ötən il aprelin 4-də tutulub. Baş Prokurorluq Abdulla Abdullayevi 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri postunda çalışarkən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməkdə günahkar bilir. İş adamına Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Modern.az