Modern.az

“Qərbi Azərbaycanlılar parlamentdə təmsil olunmaq istəyir” - MÜSAHİBƏ

“Qərbi Azərbaycanlılar parlamentdə təmsil olunmaq istəyir” - MÜSAHİBƏ

8 Sentyabr 2015, 10:38

Əziz Ələkbərli: “Bizim yolumuz cənab Prezidentin göstərdiyi strateji hədəfə - Zəngəzura, Göyçəyə, İrəvana və bütün Qərbi Azərbaycan mahallarına doğrudur”


Parlament seçkiləri yaxınlaşdıqca, ictimai-siyasi həyatda canlanma günbəgün artır. Bir tərəfdə özlərinin parlamentdəki kreslolarını daha beş il qoruyub saxlamağa çalışan hazırkı deputatlar, digər tərəfdə parlamentdə təmsil olunmağa daha çox mənəvi haqqı olduğunu düşünən çoxlu sayda insan – yeni namizədlər.

Belə mürəkkəb bir prosesdə ayrı-ayrı ziyalıların fikri bizim üçün maraqlıdır. Müsahibimiz Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Qərbi Azərbaycan və erməni məsələsi ilə bağlı bir sıra tədqiqatlar müəllifi Əziz Ələkbərlidir.

Əziz müəllim, qarşıdan parlament seçkiləri gəlir, yenə seçkilərə qatılacaqsınızmı?

- Mən bir dəfə parlament seçkilərində iştirak etmişəm. Bir daha iştirak etməyim istisna deyil. Bu, hər bir vətəndaşın hüququdur. Amma hələ bu barədə qəti qərar verməmişəm.

- Deputat olmaq istəyiniz haradan qaynaqlanır?

- Bu gün Azərbaycanın prioritet məsələsi işğal altında olan Vətən torpaqlarının azad olunmasıdır. Bu, asan məsələ deyil, bu məsələnin uğurlu və maksimum dərəcədə itkisiz həlli üçün kompleks məsələlər öz həllini tapmalıdır.

Bura ilk növbədə Azərbaycanın hərbi və iqtisadi gücünü artırmaq daxildirsə, ikinci növbədə yüksək səviyyədə vətənpərvərlik və vətəndaşlıq hissinə malik nəslin yetişdirilməsi şərtdir.

Millətin hər qarış vətən torpağı üçün canını verməyə hazır övladları yoxdursa, heç bir iqtisadi və hərbi güc düşmən üzərində qələbəni tam təmin edə bilməz.

Əlbəttə, Azərbaycanda belə oğullar var, özü də istənilən qədərdir, amma bu, kütləvi şəkildə olmalı, bütün millət bu ideyaya köklənməlidir.

Bu yolda varı olan varından, canı olan canından keçməyə hazır olmalıdır. Milyonları olan milyonlarından keçmirsə, canı olandan canından keçməyi gözləməyə dəyməz.

Birincisi, bu ideyanı parlamentə daşımaq üçün deputat seçilmək istərdim. Amma təəssüf ki, bəziləri milyonlarını qorumaq, daha doğrusu qarantiləmək üçün parlamentə can atır, bunun dövlətə heç bir xeyri yoxdur.

İkincisi, dövlət başçımız cənab Prezident İlham Əliyev dəfələrlə bildirib və əməli ilə də sübut edib ki, daxili siyasətdə onun üçün prioritet məsələlərdən biri qaçqınların problemləridir. Və hamı şahiddir ki, Azərbaycan dövləti qaçqınların sosial problemlərinin həlli üçün hər il büdcədən nə qədər maliyyə ayırır, nə qədər qəsəbələr salınır, həmin qəsəbələrdə məktəblər, başqa sosial obyektlər tikilir.

Bu, ulu Öndər Heydər Əliyevin uğurla davam etdirilən siyasi kursudur. Mənim rəhbərlik etdiyim Azərbaycan Qaçqınlar Cəmiyyəti isə respublikada 1989-cu ildən bəri qaçqınların problemləri ilə hərtərəfli məşğul olan yeganə ictimai təşkilatdır.

Bu gün qaçqınlarla bağlı elə suallar var ki, ona ancaq Qaçqınlar Cəmiyyətində cavab tapmaq mümkündür. Bizcə, belə bir qurumun parlamentdə təmsil olunmağı Azərbaycan millətinə və dövlətinə ancaq xeyir verə bilər.

- Bu il aprelin 10-da Prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dedi ki, “İndiki Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq”...

- Bu sözlərlə Cənab Prezident böyük bir tarix yazdı, Azərbaycan tarixinə millətin və dövlətin strateji hədəfini bu qədər aydın və cəsarətli ifadə edən ilk Prezident kimi daxil oldu.

Bu sözlər bütün Azərbaycan xalqı, xüsusilə Qərbi Azərbaycan qaçqınları arasında geniş əks-səda verdi, adamlarda tarixi torpaqlarına qayıtmaq ümidini daha da alovlandırdı.

Biz belə hesab edirik ki, bu strateji hədəfə doğru irəliləmək üçün Azərbaycan Qaçqınlar Cəmiyyətinin imkanlarını mütləq dəyərləndirmək lazımdır. Bunun bir yolu da Azərbaycan Qaçqınlar Cəmiyyətinin şəxsində 1988-ci ilin Qərbi Azərbaycan qaçqınlarının parlamentdə təmsil olunmağıdır.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu