Parlament seçkilərinə iki aydan az müddət qalsa da, hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısını açıqlamağı ləngitməsi ortaya bir sıra suallar çıxarıb. Halbu ki, sentyabrın 1-dən kimlərin hakim partiyadan namizəd olacağı bilinməliydi.
Əksəriyyət belə hesab edir ki, YAP-ın siyahını açıqlamaması partiyada namizədlərlə bağlı fikir ayrılıqlarının olmasından irəli gəlir.
Parlament seçkilərində YAP-dan namizəd olacaq şəxslər də narahatdırlar ki, gecikmə onların təbliğat işinə mənfi təsir göstərəcək.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Modern.az saytına açıqlamasında bildirib ki, narahatlığa əsas yoxdur, parlament seçkilərində namizəd olacaq şəxslərin təbliğatı oktyabrın 9-dan başlanacaq və həmin vaxta hələ bir ay qalır.
“Hər şey proqram üzrə gedir və heç bir gecikmə olmayacaq” deyə S.Novruzov gözləməyi məsləhət görür.
Qeyd edək ki, ölkədə V çağırış parlament seçkiləri noyabrın 1-də keçiriləcək. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18.00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanacaq və 31 oktyabr saat 08:00-da dayandırılacaq.
Aytən ZƏHRA