Nazim Məmmədov: “Adımın vahid namizəd siyahısına salınması üçün müraciət etmişəm”
Keçmiş deputat Nazim Məmmədov parlament seçkilərində deputatlığa namizəd olub-olmayacağı ilə bağlı bir daha mövqeyini açıqlayıb. O, Modern.az saytına deyib ki, hələ 2005-ci ildə müstəqil namizəd kimi seçkilərdə iştirak edib və səsvermədə qalib olub, ancaq hakimiyyəti müdafiə etdiyinə görə hamı ona “Yeni Azərbaycan Partiyasının (YAP) deputatı” deyib:
“2010-cu ildə namizədliyimi təşəbbüs qrupu irəli sürdü, lakin YAP-ın siyahısına hörmət edərək namizədliyimi geri götürdüm. Hələ bir il öncə seçicilərimə 2015-ci il seçkilərində namizədliyimin yenidən təşəbbüs qrupu tərəfindən irəli sürülməsinə razılıq vermişəm. Eyni zamanda, YAP-ın sədrinə və İdarə Heyətinin üzvlərinə may ayında rəsmi müraciət etmişəm ki, mənim adımı vahid namizəd siyahısına salmaq istəyirsinizsə, etiraz etmirəm”.
Nazim Məmmədov onu da qeyd edib ki, ona ən böyük kömək mane olmamaqdır:
“Bu o deməkdir ki, 104 saylı seçki dairəsində mənim seçkidə qalib gəlməyim su içmək kimi çox sadədir".
Nazim Məmmədov majoritar sistem üzrə keçirilən seçkilərə iqtidar partiyasının vahid namizəd siyahısı ilə getməsinin əleyhinə olduğunu da vurğulayıb.
Nazim Məmmədov 2005-ci ildən bu yana sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını vurğulayaraq, jurnalistləri onu iş adamı kimi təqdim etməməyə çağırıb.
Vüsalə Qəzənfərqızı