Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, sentyabrın 6-dan başlayaraq ölkə ərazisində keçirilən ilk irimiqyaslı hərbi təlimlərin Azərbaycan Silhalı Qüvvələri üçün çox böyük önəmi var. O, Modern.az-a açıqlamasında qeyd edib ki, bu təlimlər hərtərəfli hazırlıq, qoşunların əlaqəli öz mükəlləfiyyətlərini yerinə yetirməsi nöqteyi-nəzərindən çox mühümdür:
“Məşhur deyim var: “Təlimdə tər tökərsən, döyüşdə az qan itirərsən”. Bu təlimlər kiçik masştablı deyil, ilk dəfədir bütün Azərbaycan üzrə keçirilir. Təlimlərə cəlb olunan şəxsi heyətin sayı da rekord həddədir. 65 min nəfər şəxsi heyət Azərbaycan tarixində ilk dəfədir ki, təlimlərə cəlb olunur. Quru qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri - bütün qoşun növləri bu təlimlərdə yaxından iştirak edirlər”.
Üzeyir Cəfərov hesab edir ki, iri masştablı təlimlər Azərbaycana faydalı olacaq:
“Çünki Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb. Azərbaycan ordusunun gücü danışıqlar prosesində özünü göstərəcək. Azərbaycan Silhalı Qüvvələrinin gücünü görən həm düşmənin havadarları, həm də Ermənistan çox ciddi təşviş keçirir. Əgər onlar normal düşünməyi bacarırlarsa, Ali Baş Komandan, prezident İlham Əliyevin dəfələrlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcəyi ilə bağlı bəyanatını çox ciddi qəbul etməlidirlər. Bütün bunlar məlumdursa, nəyə görə şikayətlənirlər? Azərbaycan öz işini görəcək və tamamilə əminəm ki, sonuncu təlim həm sayına, həm də keyfiyyət baxımından olduqca əhəmiyyətli olacaq. İnşallah, Azərbaycan məhz bu təlimlər sayəsində öz ərazi bütövlüyünü bərpa edəcək və regionun ən güclü ordusu və ən güclü dövlətlərinbdən biri kimi özünü təsdiq edəcək”.
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.Təlimlərə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Aytən ZƏHRA