Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-ci ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə 9131 zəng (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox) və kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5619 nəfərə xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlər (çoxu sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 813 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 950 sənəd (578 ərizə, 362 məktub, 10 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə Dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb.
Aytən ZƏHRA