Dünyanın bir sıra ölkələrində kişilərlə yanaşı, qadınlar da hərbi xidmət keçirlər. Hələ İkinci Dünya Müharibəsində qadınların ön və arxa cəbhədəki fəallıqları sonrakı dövrlərdə onların hərbi sahədə təmsil olunmalarına zəmin yaratdı.
ABŞ-da 1942-ci ildən başlayaraq qadınlar xüsusi təyinatlı hissələr istisna olmaqla bütün qoşun növlərində xidmət edə bilərlər. Eynilə qadınların könüllülük əsasında hərbi xidmətə cəlb edilməsi təcrübəsi Kanadada 1895-ci ildən, Böyük Britaniyada 1917-ci ildən, Almaniyada 1975-ci ildən, İsveçrədə 1980-ci ildən, İspaniyada isə 1989-cu ildən tətbiq edilir.
İsrail və Myanma kimi dövlətlərdə isə qadınların hərbi xidmət keçməsi məcburidir. Belə ki, İsraildə 1986-ci ildə qəbul edilmiş qanuna əsasən, 18 yaşdan yuxarı, ərdə olmayan sağlam qadınlar 24 aylıq hərbi qulluğa çağırılırlar.
Myanmada isə 2011-ci ildən 18-27 yaş arasında qadınlar hərbi xidmətə çağırılırlar.
2014-cü ilin sonlarından etibarən dünya təcrübəsi Azərbaycan Silahlı Qüvvələrində tətbiq edilir. Hazırda Azərbaycanda qadınların hərbi xidmət keçməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və könüllü sürətdə həyata keçirilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.6-cı maddəsinə əsasən, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlar yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi qeydiyyata alındıqdan sonra onlar hərbi biletlərlə təmin edilirlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) Modern.az saytının sorğusuna verilən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmək üçün könüllü müraciət edən qadınların sayında ildən-ilə artım müşahidə olunduğu bildirilib.
Ancaq Dövlət Xidməti hərbi qeydiyyata götürülmüş Azərbaycan Respublikasının qadın vətəndaşlarının sayı barədə məlumat verilməsini məqsədəmüvafiq hesab etməyib. Elə bu səbəbdən də qadın hərbçilərimizin sayı barədə rəsmi rəqəm əldə edə bilmədik.
Müdafiə Nazirliyi hələ keçən açıqladığı məlumatda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1000-ə yaxın qadın hərbçinin qulluq etdiyini bildirmişdi.
Indi isə gələk məsələnin bir qədər də ciddi tərəflərinə. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitində yaşayır. Və müharibə şəraitində yaşayan bir ölkədə hər bir hərbçi cəbhədə hər an ölüm təhlükəsi ilə üz-üzə qala bilər.
Yeri gəlmişkən, ABŞ-da zərif cinsin nümayənələri ordunun 20 faizini, Fransada isə 22 faizini təşkil edir. Müharibə şəraitində olmağımıza baxmayaraq, bu gün Azərbaycanda qeyri-rəsmi məlumatlara görə, hərbi qurum və təşkilatlarda qadınların çəkisi 3 faiz təşkil edir. Halbuki, Dövlət Statistika Komitəsinin son illər yaydığı məlumata əsasən, Azərbaycan əhalisinin 51 faizi qadınlar, 49 faizi kişilərədən ibarətdir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadənin sözlərinə görə, hərbi xidmətə qəbullla bağlı müvafiq idarələrə müraciət edən, bu və ya digər hərbi işdə işləmək istəyən qadınların sağlamlığı və təhsili, eyni zamanda yaşı uyğun gəlirsə, böyük məmnuniyyətlə onlar hərbi xidmətə götürülürlər.
“Qadınların hərbi işə cəlb edilməsi ilə bağlı artıq oturuşmuş dünya təcrübəsi var. Bu təcrübə Azərbaycanda da qəbul edilib. Bu təcrübə ondan ibarətdir ki, kişilər əksər ölkələrdə məcburi sürətdə orduya çağırılırlar, hərbi xidməti yerinə yetirirlər. Qadınlar isə artıq könüllü sürətdə ya hərbi xidmətə gedirlər, ya da müqavilə ilə idarəetmə, rabitə, hərbi tibb, beynəlxalq əlaqələr və s. digər sahələrdə işləyirlər. Bu, ilk növbədə hərb işinin fiziki yükünün çox olması ilə bağlıdır. Qadınlar bir qayda olaraq hərbi işdə çox böyük fiziki yük tələb olunmayan sahələrə daha çox cəlb edilirlər. Azərbaycanda da bu praktika artıq özünü doğruldur. Ümumən götürdükdə, Azərbaycan qadınları orduda daim nümunəvi xidmət göstərirlər. İldən-ilə də hərbi xidmətdə qulluq etmək istəyən qadınların sayı çoxalır”.
Qeyd edək ki, 2009-cu ilə kimi qadınların Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbulu mümkün idi. Lakin 2009-cu ildən Müdafiə Nazirliyi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qadınların Azərbaycan Ali Hərbi Məktəbinə qəbulu üzrə sifarişin dayandırıldığı bildirilib.
Bir çoxları belə hesab edir ki, müharibə başlayacağı təqdirdə silaha ancaq kişilər sarılmamalıdır, qadınlar da bu işə cəlb olunmalıdır.
Hərbi ekspert Üzeyir Cəfərov qadınların hərbi xidmətə cəlb edilməsini çox müsbət qarşılayır: “Mən bunu çox müsbət qarşılayıram. Kişilərlərlə yanaşı, Azərbaycan qadınlar da Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Razıyam, düzgün yanaşma deyil ki, müharibə başlayacağı təqdirdə silaha ancaq kişilər sarılmalıdır. Bu gün Azərbaycanda kişilərlə yanaşı, yüksək vəzifədə çalışan qadınlarımız, xanım generallarımız var. Hansılar ki, onlar hərbçiliyi özlərinə həyat peşəsi kimi seçiblər. Buna da hamı hörmətlə yanaşmalıdır”.
Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan Ali Hərbi Məktəbinə qadın müdavimlərin qəbulu vaxtilə Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunmuş Məmməd Beydullayevin hikkəsi və iddiası ilə dayandırılıb: “Onun yaratdığı problemə görə, sabiq müdafiə naziri Səfər Əbiyev bu qaydanı ləğv etdi və xanımların ali hərbi məktəbə qəbulu dayandırıldı”.
Amma gəlin qəbul edək ki, bu gün cəmiyyətimizdə çoxluq qadınları ordu sıralarında görmək istəmir. Çoxları “qadın” və “silah” anlayışlarının bir arada anılmasını Şərq qadın modeli meyarından çox-çox uzaq tutur.
Baxmayaraq ki, Qarabağ savaşı zamanı xeyli sayda Azərbaycan qadını hərbi əməliyyatlarda yaxından iştirak edib, hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı. Xatırladaq ki, tarixən də Azərbaycan xalqının Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova, Ziba Qəniyeva, Dürrə Məmmədova, Səidə Vəzirova, Raifə Həsənova kimi döyüş yolu keçən qəhrəman qadınları olub.
Millət vəkili Zahid Oruc Azərbaycan qadınını kişilərlər bərabər səngərdə görməyi arzulamayanlardandır:
“Baxmayaraq ki, müharibə reallığı bizim həyatımızı sərt bir sistemlə üz-üzə qoyub və cəmiyyətin hər bir üzvü qarşısında bu cür çağırışlar var, amma xanımlarımızın hərbi hissəyə kişilərlə bərabər çağırılmasının və onların səngərdə eyni missiyanı yerinə yetirməsinin həmişə əlehinə olmamışam. Bunların çox sadə səbəbləri var. Allah insanları elə xəlq eləyib ki, ortada bir fiziki güc qeyri-bərabəsizliyi var. Hesab edirəm ki, xanımlarımızın elə Azərbaycan üçün övlad dünyaya gətirməyi, böyütməyi, onların zəhmətini çəkməyi daha qlobal missiyadır. Bu, elə ən böyük səngərdir. Qadının əlinə silah götürüb döyüşlərdə iştirak etməsi onları həqiqi obrazından, real vəzifələrindən uzaqlaşdırardı.
Azərbaycan qadını Şərq qadınıdır. Xanımlarımızı zamanında at belində döyüşlərdə görmüşüksə də, onların əzəli missiyası var. Onlar elm, təhsil, səhiyyə və başqa sferalarda öz işlərini yüksək səviyyədə yerinə yetirsələr, elə Azərbaycanın torpaqları uğrunda vuruşmüş kimi töhfə vermiş olarlar.
Müasir dövrdə isə gerçək vəziyyət ondan ibarətdir ki, Azərbaycan kişilərinin ən böyük qəhrəmanlığı, qüdrəti ondan ibarət olacaq ki, qadınlarımızın silah götürüb düşmən üzərinə getməsinə zərurət qalmayacaq”.
Leyla Əfqan