Modern.az saytı son 3 il ərzində 700 bal toplamış tələbələrin təhsil müddətində universitetlərdə hansı nəticələr göstərdiyilə maraqlanıb.
2012-ci ildə II ixtisas qrupu üzrə 700 bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olmuş Xeyransə Əliyeva:
“Mən Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumağı qarşıma məqsəd qoymuşdum. Valideynlərimə də söz vermişdim ki, akademiyanı bitirənə kimi yaxşı oxuyacam. Şükürlər olsun ki, çox çalışmağımın qarşılığında zəhmətimin bəhrəsini görürəm və hər il əlaçı oluram”.
2013-cü ildə III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərərək, Qafqaz Universitetinin Tərcüməçilik fakültəsini seçmiş Flora Qafarova:
“Mən heç zaman vaxtın azlığından şikayət etmirəm. Hərçənd ki, bəzi uşaqlar vaxtım yoxdur deyərək, az çalışırlar. Mənim üçün yaxşı çalışmaq və əlaçı olmaq əsas hədəflərimdən biridir”.
Həmin ildə IV ixtisas qrupu üzrə rekordçu Osman Müslümov Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub. Osman deyir ki, vaxt azlığından dərslərini yaxşı öyrənə bilmir:
“Universitetə yüksək balla qəbul olunmaq əsas hədəfim idi. Amma vaxtım az olduğuna görə, dərslərimə yaxşı hazırlaşa bilmədim və iki il ardıcıl əlaçı deyil, zərbəçi oldum”.
2013-də III ixtisas qrupu üzrə imatahanları əla göstərici ilə başa vurub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini seçmiş Nərmin Murğuzova:
“Hər zaman çalışıram ki, mənə olan etimadı doğruldum və imtahanlarda yüksək nəticə göstərim. Bu səylərim öz nəticəsini verir və mən hər il əlaçı oluram”.
2014-cü ildə I istisas qrupu üzrə ən yüksək nəticə göstərmiş Məmməd Hacılı Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olunub. Məmməd də əlaçı olmağın əsas hədəflərin biri olduğunu deyir:
“İki ildir ki, imtahanlara yaxşı çalışaraq, əlaçı oluram. Bundan sonra da əlaçı olmağa iddialıyam”.
Ötən il II ixtisas qrupu üzrə rekordçu olmuş Samir Rzayev ADA Universitetində biznesin idarə edilmesi ixtisası üzrə təhsil alır. Samir də əlaçı ola bilməyən rekordçu abituriyentdir:
“Keçən il əlaçı ola bilmədim. Amma bu il üçün valideynlərimə söz vermişəm və əlaçı olmağa iddialıyam”.
2014-də I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmiş ADA Universitetinin tələbəsi Könül Qurbanlı:
“Mən hər zaman dərslərimə xüsusi vaxt ayırıram. Çünki valideynlərimin məndən gözləntiləri çoxdur və borcluyam ki, onların inamını sarsıtmayım. Ona görə hər il əlaçı olmağa iddialıyam”.
I ixtisas qrupü üzrə yüksək nəticə göstərən Eltun İbrahimov Bakı Ali Neft Məktəbinin proseslerin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə daxil olub. Eltun əlaçı ola bilməməyinin səbəbini belə izah edir:
“Bakı Ali Neft Məktəbinin iki tələbi var. Biri “British Council”ın keçirdiyi İELTS imtahanı, digəri isə, Ali Məktəbin keçirdiyi İKT imtahanı. İngilis dilindən uğurlu nəticəm oldu və mən İELTS imtahanında maksimal nəticə topladım. Amma İKT imtahanında o qədər də uğurlu nəticə göstərə bilmədim. Qiymətləndirmə A, B, C ilə aparılır. İngilis dilindən 7 aldığıma görə A, İKT-dan isə C aldım”.Pərvin ARZUQIZI