Modern.az

“Azərbaycanda donorlarla bağlı çox ciddi problemlər var”

“Azərbaycanda donorlarla bağlı çox ciddi problemlər var”

Təhsil

8 Sentyabr 2015, 17:52

İnsanlara donorlardan orqan transplantasiyası dünyanın müxtəlif inkişaf etmiş ölkələrində qanunla tənzimlənir. Donor qan qohumluğu və ya hər hansı başqa şəxs ola bilər. Bununla bağlı həmin ölkələrdə donor bankları da fəaliyyət göstərir və ehtiyacı olanlara buradan müxtəlif orqanlar köçürülür. Azərbaycanda da “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanun qəbul olunub.

Amma orqan transplantasiyası zamanı yalnız qan qohumluğu olan insanlar donor kimi istifadə oluna bilər. Digər hallar isə cinayət hesab edilir. Dünyada qanuni yolla yanaşı, qanunsuz orqan transplantasiyası ilə məşğul olunur. Orqan alveri bu gün dünyada xeyli inkişaf edib və qara bazarda bundan milyardlarla pul qazanılır.

Bununla bağlı ölkəmizdə indiki vəziyyət necədir? Tibb elmlər doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, orqan alverinə qarşı mübarız ilə Milli Təhlükəsizlik Nazirliyinin müvafiq strukturları məşğuldur və il yarım öncə bu cür faktlara qarşı müvafiq tədbirlər görülüb: “Artıq bu kriminala yol açan faktor olduğu üçün konkret olaraq donor mənbəyi onun köçürülmə qaydaları və s. müəyyənləşib.

Birinci növbədə nəzərə almaq lazımdır ki, donor mənbəyi Azərbaycanda çox ciddi problemdir və hələ bir müddət də ciddi problem olaraq qalacaq. Donorlarla bağlı qanun qüvvəyə minib, amma onun mənbəyi, donor bankı, onun sistemə salınması məsələləri öz həllini tapmayıb. Ümumiyyətlə, orqan köçürülməsində donor mənbəyi kimi ancaq qohumlar iştirak edə bilər. Başqa halda bu kriminala yol açır. Başqa variantlar çox güman ki, olub, amma bununla bağlı tədbirlər görülüb və hazırda onun qarşısı alınıb”.

Adil Qeybulla bildirib ki, qan qohumu olmayan şəxsdən (donordan) icazə almadan orqan götürülə bilməz: “Donor mənbəyi tapılmalıdır. Donor tam sağlam, gənc adamlardan ibarət olmalıdır. Bu gün Azərbaycanda beyin ölümü keçirən hansısa gəncin valideyni ondan orqan götürülməsinə icazə verər? Psixoloji olaraq insanlarımız buna hazır deyil. Bunun həlli üçün həm də güclü təbliğat aparılmalıdır. Donor bankı yaradılmalı və bu şəbəkə şəklini almalıdır. Məsələn, Zaqatalada donora ehtiyac varsa və həmin donor Lerikdədirsə bunu aparıb çatdırmaq lazımdır. Bu asan məsələ deyil. Səhiyyənin özü də dünya standartlarına cavab verməlidir. Hansısa regionda bir orqan nəqli hələlik bunun şəbəkə şəklini alması demək deyil. Ona görə də bizdə donor məsələsinin leqal yolla həlli üçün çox ciddi işlər aparılmalıdır. Bu sahədə boşluqlar çoxdur”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu