Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-dan Modern.az-a daxil olan məlumata görə, əvvəlcə Komissiyanın 2 sentyabr və 4 sentyabr 2015-ci il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Azərbaycan Sosial Rifah Partiyasının, Müsavat Partiyasının, Vətəndaş Həmrəyliyi Partiyasının və Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən blok və partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Modern.az