Modern.az

Nazirlik xalq artistinin ailəsinin ittihamlarına cavab verdi

Nazirlik xalq artistinin ailəsinin ittihamlarına cavab verdi

Təhsil

8 Sentyabr 2015, 20:15

 

Mərhum xalq artisti İlham Əsgərovun ailəsi Mədəniyyət və Turizm Nazirliyini aktyorun ölümünə laqeyd yanaşmaqda ittiham edib. 

Aktyorun həyat yoldaşı Yeganə Əsgərova bildirib ki, aidiyyatı orqanların biganəliyi üzündən ailəsi məcburiyyət qarşısında qalaraq xalq artistini Bakıda deyil, Masallıda dəfn edib:

“Biz istəyirdik ki, İlham Əsgərov Bakıda dəfn olunsun. Heç olmasa qəbri üstə vaxtı-vaxtında gedək, ziyarət edək. Amma onun Bakıda dəfn olunmağına heç kim imkan vermədi. İlhama qarşı daha bir laqeydlik gördük. Gərək, bunu dövlət fikirləşərdi, fikirləşmədi... Məcbur olub onu Masallıya apardıq. O boyda sənətkar getdi, elə bil heç nə baş vermədi. Bu, dəhşətdir... Bu boyda laqeydlik, bu boyda səriştəsizlik, bu boyda hörmətsizlik olmamalıydı, amma oldu. Görəsən, o Mədəniyyət və Turizm Nazirliyi bu münasibətin məsuliyyətini hiss edirmi?”

Nazirliyin əməkdaşı İntiqam Hümbətov səslənən ittihamlara cavab olaraq  açıqlama verib:

“Bu mövzunun müzakirə edilməsi və yazılmasının əleyhinəyəm. Mərhum aktyorun xanımı ilə də tanış deyiləm, buna görə heç bir cavab verə bilməyəcəyəm. Xalq artisti üçün lazımi vida mərasimi təşkil edildi. Nazirliyin rəhbərliyi bütünlüklə dəfn mərasimində iştirak etdi. İlham Əsgərovun dövlətimizin sevimli aktyoru idi. Allah rəhmət eləsin, yeri behişt olsun, yerdə qalanlara isə can sağlığı versin...”

Xatırladaq ki, İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Sentyabrın 7-də isə doğulub-böyüdüyü Masallı rayonunun Xançobalı kəndində torpağa tapşırılıb. (Musavat.com) 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu