Modern.az

“Hərbi təlimlər gənclərdə hərbi vətənpərvərlik hissini artırır”

“Hərbi təlimlər gənclərdə hərbi vətənpərvərlik hissini artırır”

Təhsil

9 Sentyabr 2015, 14:58


Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onlarda vətənə, millətə sevgi hissinin artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərən və bu istiqamətdə çoxsaylı layihələr, irimiqyaslı hərbi təlimlər keçirilir. Bu da gənclərimiz arasında ruh yüksəkliyi, o cümlədən işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etmək hissi oyadır.

Deputat Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, ali baş komandanın göstərişinə əsasən ordu özünün bütün istiqamətlərdə hazırlığını təkmilləşdirir:

“Hərbiyə, eyni zamanda ordu quruculuğuna Azərbaycan hökuməti tərəfindən ayrılan büdcə vəsaitinin məbləği də ilbəil artırılır. Buna bizim bədxahlarımız başqa cür baxırlar. Düşünürlər ki, Azərbaycan nəyə görə ordunun silahlanmasına bu qədər vəsait ayırır, irimiqyaslı hərbi təlimlər keçirir.

Bunun yalnız bir cavabı var. Azərbaycan torpaqları işğal altındadır və Azərbaycan ordusunun qarşısında torpaqları işğaldan azad etmək kimi müqəddəs bir vəzifə durur.  

Bu səbəbdən ordu hər an müharibəyə hazır olmalıdır. Bunun üçün təbii ki, biz iri, yaxud kiçikmiqyaslı təlimlər keçirtməliyik.

Ordunun döyüş qabiliyyəti hər zaman yüksək vəziyyətdə saxlanmalı və günü-gündən inkişaf etdirməliyik. Son vaxtlar Ermənistanın təmas xəttində törətdiyi təxribatların qarşısı alınıb, Azərbaycan ordusunun endirdiyi zərbələr düşmənin külli miqdarda itki verməsinə səbəb olub. Bu, eyni zamanda yalnız düşmənə yox, onları himayə edən havadarlarına da mesajdır ki, Azərbaycanın qüdrətli  ordusu var və işğal altındakı torpaqlarını azad edəcək”.  

Onun fikrincə, gənclərimizdə milli vətənpərvərlik hissinin aşılanması istiqamətində də hərbi təlimlərin keçirilməsi zəruri addımdır:

“Orduda olan əsgərlərimizin ruh yüksəkliyi, mübarizliyi və onlara göstərilən qayğı insanı sevindirir. Eyni zamanda, bu gün gənclərimiz arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində təhsil müəssisələrində, o cümlədən də mətbuatda məqsədyönlü təbliğat aparılmalıdır. Demirəm ki, bu istiqamətdə maarifləndirmə yoxdur, təbii ki, var. Ancaq hələ yüksək səviyyədə deyil. Bu istiqamətdə diqqətimizi artırmalı, televiziyalarda yayımlanan bəzi lazımsız şou-proqramların əvəzinə vətənpərvərlik mövzusunda verilişlərin verilməsi daha məqsədyönlüdür.  

Müharibə şəraitində yaşayan, bir milyondan artıq qaçqın-köçkünü olan, eyni zamanda torpaqlarının 20 faizi işğal altında olan dövlətdə gənclərimizin milli vətənpərvər ruhda yetişməsi vacib şərtdir. Bu baxımdan, ölkədə keçirilən irimiqyaslı təlimlərə hər zaman ehtiyac var”.    

Vüsalə Qəzənfərqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu