ABŞ-ın Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Modern.az saytı xəbər verir ki, yarışlarda 3 gün arxada qalıb.
Qeyd edək ki, ilk üç yarış gününün yekunlarına əsasən güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yarışlarda Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.
Digər güləşçimiz Saman Təhmasibi də Rio-de Janeyro Olimpiyadasına da vəsiqəni təmin edib. İdmançımız finala gedən yolda ukraynalı Jan Belenyukla qarşılaşıb. Rəqibinə 1:3 hesabı ilə uduzan Təhmasibi bürünc medal uğrunda yarışacaq.
Avropa Oyunlarının qalibi Mariya Stadnik də qadınlar arasında uğurla çıxış edərək Rio-de Janeyro Olimpiyadasına vəsiqəni təmin edib. Finala çıxan güləşçimiz qızıl medal uğrunda görüşdə yaponiyalı Eri Tosaka ilə yarışacaq.
Daha bir qadın güləşçimiz Anjela Doroqan (53 kq) 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib.
Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.
Modern.az