Abşeron rayonu, “Beynəlxalq qaraj” adlı yerdə inəklərlə birgə yaşamağa məcbur edilən məcburi köçkünlər əlacsız durumdadırlar. Abşeron rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsindən əllərini üzən məcburi köçkünlər ümidi Allaha bağlayıblar...
Abşeron rayon İcra Hakimiyyətinin insan sağlamlığına olan biganəliyi deputat Fazil Mustafanın da məsələyə münasibət bildirməsinə səbəb olub.
O, Modern.az saytına açıqlamasında bunun yolverilməz olduğunu deyib:
“İnsanların belə bir şəraitdə yaşamağa məcbur qalmasına heç bir şəkildə bəraət qazandırmaq olmaz. Bu məsələ insanların sağlamlıq hüququ əsas götürülərək həll olunmalıdır. Heç kimin insan yaşayan yerdə, onların səhhətinə problem yarada biləcək şəkildə bu cür təsərrüfat fəaliyyəti ilə məşğul olmağa haqqı yoxdur”.
Fazil Mustafa məsələnin ictimailəşdirilməsinin tərəfdarıdır:
“Mümkün qədər məsələni diqqətə çatdırmaq, ictimailəşdirmək lazımdır ki, lazımi orqanlar ölçü götürsünlər, vətəndaşların pozulan hüquqları bərpa edilsin. Ən azından heyvandarlıqla məşğul olan adamlara başqa bir yerdə torpaq sahəsi ayrıla bilər”.
Gülşən RAUFQIZI