Bir neçə il öncə qəbul imtahanlarında 700 bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olunmuş tələbələrdən bəziləri artıq təhsillərini başa vurublar. Modern.az saytı həmin məzunların hazırda nə işlə məşğul olduqlarını dəqiqləşdirib.
Emil Abbasov 2007-ci ildə I qrup üzrə ilk dəfə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olunmuşdu. Hazırda ixtisası üzrə Qafqaz Universitetində tədqiqatla məşğuldur.
Nurlan Əhmədov 2008-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. Hazırda Universal Az LLC şirkətində xarici təchizat və logistika üzrə mütəxəssis işləyir.
Rüfət Babayev 2008-ci ildə Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsinə daxil olub. Hazırda həmin universitetdə laborant kimi çalışır və bu sahədə tədqiqatlar aparır. Universitetdən verilən məlumata görə, Rüfət Babayev yaxın günlərdə magistr təhsili almaq üçün Almaniyaya gedəcək.
Emil Əliyev 2008-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Bu yaxınlarda hərbi xidmətini başa vurub.
Fəridə Musayeva 2009-cu ildə Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə daxil olub. O, 2014-cü ilin may ayında imtahan verərək Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsinə qəbul olunub.
Günel Abdullayeva 2008-ci ildə Qafqaz Universitetinin Kimya mühəndisliyi fakültəsinə qəbul olunub. O, hazırda Şotlandiyada magistr təhsili alır.
İsmayıl Kazımov 2009-cu ildə Qafqaz Universitetinin sənayenin təşkili ixtisasına qəbul olub. Ötən il bakalavr pilləsini başa vurub. Universitetdən verilən məlumata görə, İsmayıl Kazımov hazırda hərbi xidmətdədir.
2008-ci ildən bu yana 40-dan çox tələbə 700 bal toplaya bilib. Onların əksəriyyəti hazırda bakalavr və magistr pilləsi üzrə təhsil alır.
Elmin NURİ