“Türk Şurasının əsas prioritetlərindən biri təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, turizm, təhsil, elm və texnologiya kimi müxtəlif sahələrdə konkret layihələr vasitəsilə üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsidir”.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında bunları deyib. Nazir bildirib ki, Azərbaycan nəinki regionda, hətta bunun hüdudlarından kənarda belə sülhün, sabitliyin əmin-amanlığın möhkəmləndirilməsi üçün bütün gücünü səfərbər edir.
“Təşkilatımızın iki üzvü Azərbaycan və Türkiyə son illər hərbi əlaqələri gücləndirmiş, hər iki ölkədə tez-tez və daha geniş hərbi təlimlər keçirilib. Azərbaycan və Türkiyə arasında belə artan hərbi əlaqələr döyüş hazırlığını və bacarığını inkişaf etdirəcək, eləcə də qarşılıqlı fəaliyyətin təşkili hər iki ölkəyə strateji, lakin həssas Qafqaz regionunda daha çox çeviklik verəcək”.
Türk Şurası çərçivəsində iqtisadi sahədə əməkdaşlığa toxunan E.Məmmədyarov qeyd edib ki, ölkələrimizin yerləşdiyi coğrafiya bizə rəqabətədavamlı tranzit ölkə potensialından istifadə üçün əlverişli imkanlar yaradır:
“Bu səbəbdən, inanıram ki, coğrafiyamızdakı nəqliyyat infrastrukturu, daha da önəmlisi, qarşılıqlı əlaqə və infrastruktur əməkdaşlığın ən əhəmiyyətli sahələrindən biri kimi qalmalıdır. Avrasiya boyunca sərnişin və yük daşımalarına artan tələbat Şərq-Qərb nəqliyyat dəhlizini (xüsusilə bu dəhlizin Trans-Xəzər hissəsini) möhkəmləndirməyi labüd edir. Şübhəsiz, bu, əcdadlarımızdan bizə ötürülən tarixi İpək Yolunun bərpa edilməsinə kömək edəcək”.
Nazir həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Cənubi Qaz Dəhlizi, bu layihənun mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi və TANAP və TAP boru kəmərlərinin inşasından söz salıb.
Elmar Məmmədyarov vurğulayıb ki,humanitar sahədə əməkdaşlıq tərəfdaşlığımızın əsas sahələrindən biridir. Nazir BMT çərçivəsində üzv dövlətlərin namizədliklərinin koordinasiya və qarşılıqlı şəkildə dəstəklənməsi və ortaq mövqe nümayişi istiqamətində əməkdaşlığı davam etdirməyin vacib olduğunu söyləyib: “Biz Türk Şurasının BMT və İƏT-də müşahidəçi statusu əldə etməsi istiqamətində səylərimizi gücləndirməliyik”.
F.Əliyeva