Miqrantların Almaniyaya axını bu ölkədə bəzi problemlərin həllinə yardımçı ola bilər. Bu fikri vitse-kansler və iqtisadiyyat naziri Ziqmar Qabriel səsləndirib.
Modern.az-ın Reuters agentliyinə istinadən xəbərinə görə, nazir miqrantların əhalinin qocalması və kadr çatışmazlığı probleminin həllində köməkçi olacağını düşünür.
“Əgər Almaniyaya gələnləri qısa müddətdə öyrədib onları işlədə bilsək, onda gələcəkdə bizi gözləyən qeyri-peşəkarlıq problemini həll etmiş olarıq”, - deyə nazir Qabriel fikirlərini açıqlayıb.
Agentliyin xəbərinə görə, Şimali Reyn torpağında işsizlik orta səviyyədən iki dəfə artıqdır. Burada miqrantlara texniki ixtisasları öyrətməyə başlayıblar. Çünki almanların özləri ali təhsil ardınca getdiklərindən bu cür işlərdən imtina edirlər.
Rəsmi statistikaya görə, 2030-cu ildə Almaniyada əmək qabiliyyətli vətəndaşların sayı 6 milyon nəfər azalacaq, ölüm həddi doğum sayına üstün gələcək.
BMT-nin məlumatına əsasən, Avropa İttifaqı ölkələrinə bu ilin əvvəlindən 400 minə yaxın qaçqın keçib. Yaxın iki ildə onların sayının ikiqat artacağı, miqrantların böyük əksəriyyətinin də Almaniyada qalacağı proqnozlaşdırılır.
Modern.az