Modern.az

“Amerika ilə Azərbaycanı müqayisə etməzdim” - Azərbaycanlı dinşünasın ABŞ-da dərs deyən bəstəkar oğlu ilə MÜSAHİBƏ

“Amerika ilə Azərbaycanı müqayisə etməzdim” - Azərbaycanlı dinşünasın ABŞ-da dərs deyən bəstəkar oğlu ilə MÜSAHİBƏ

11 Sentyabr 2015, 13:03


O, gənc olmasına baxmayaraq, musiqi sahəsində beynəlxalq uğurlara imza atıb. Boston, Nyu-York, Melburn kimi şəhərlərdə keçirilən beynəlxalq musiqi festivallarının qalibi olub. Təhsilinin magistratura dərəcəsinə ABŞ-ın Manhattan Konservatoriyasında, doktorluq dərəcəsinə isə Sinsinnati Universitetində yiyələnib. O, hazırda Sinsinatti Universitetində bəstəkarlıqdan və Şərq musiqi tarixindən dərs deyir.

Modern.az saytı gənc bəstəkar Türkər Qasımzadə ilə müsahibəni təqdim edir. Qeyd edək ki, Türkər mərhum şair Qasım Qasımzadənin nəvəsi, dinşünas alim Nəriman Qasımoğlunun oğludur:

- Zəhmət olmasa, ilk növbədə Amerika universitetində bəstəkarlığın, musiqinin sirlərini tədris etməyin məsuliyyətindən danışaq...

- Bəstəkarlıqdan, eləcə də musiqi elminin digər sahələrindən dərs demək çox məsuliyyətlidir. Yaradıcılıqdan dərs demək haqqında bir çox dünya bəstəkarlarının nəzəriyyələri var, çalışıram həmin nəzəriyyələri öyrənim, tətbiq edim. Təhsilimin magistratura dərəcəsinə ABŞ-ın Manhattan Konservatoriyasında, doktorluq dərəcəsinə isə Sinsinnati Universitetində yiyələnmişəm. Bəstəkarlıqdan dərs aldığım müəllimlər arasında çağdaş dünya musiqisinin görkəmli simaları - Reiko Fueting, Nils Vigeland, Mara Helmuth, Michael Fiday’in, bundan başqa ustad dərslər aldığım Beat Furrer, Mark Andre, Stevan Tickmayerin adlarını çəkmək istərdim. Nəhəng pedaqoji təcrübələri olan bu şəxslərin siyahısına Bakıdakı müəllimlərim Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov, Aydın Əzimovu da əlavə etsəm, qürurla deyə bilərəm ki, bütün bu dəyərli bəstəkarlardan əxz etdiklərim yaradıcılığımda da, pedaqoji fəaliyyətimdə də gözəl qaynaqlardır.

- ABŞ cəmiyyəti ilə Azərbaycan cəmiyyətinin musiqiyə münasibətində hansı fərqlər var?

- Mənə qalsa, bu iki cəmiyyəti, ümumiyyətlə, müqayisə etməzdim. Tarixi, sosioloji, kulturoloji və digər kontekstlərdə də hansısa fərqləndirmə aparmaq belə, qüsurlu müqayisə olardı. Nəzərə alsaq ki, ABŞ-ın demək olar hər ştatının, hətta hər şəhərinin belə fərqli musiqi ənənələri, zamanla  orqanik və surətlə dəyişən musiqi səhnələri var, musiqiyə münasibətlə bağlı cəmiyyətlərimiz arasında fərqlərin ümumiləşdirilməsi məsələni qəlizləşdirərdi. ABŞ haqqında bu baxımdan birmənalı olaraq onu deyə bilərəm ki, amerikalılarda akademik musiqinin bütün janrlarının auditoriyası dünyanın heç bir ölkəsində olmayacaq qədər genişdir və qeyri-populyar, yəni kütləvi olmayan musiqiyə diqqət hər gün artmaqdadır. Azərbaycanda da bu məsələyə dövlətin münasibəti təqdirəlayiqdir. İl ərzində keçirilən irihəcmli akademik musiqi festivalları, konsertlər və digər tədbirlər bu diqqətin əyani sübutlarıdır. Ancaq yenə də ehtiyac var ki, bu sahənin auditoriyası genişlənsin, mümkün qədər geniş kütləyə yüksək musiqi zövqü aşılansın, dünyanın müasir musiqi səhnəsində gedən proseslər ölkəmizə, necə deyərlər, bir növ idxal edilsin. Bundan başqa, digər ölkələrlə müqayisədə ABŞ-ın akademik musiqi sahəsinin bir önəmli fərqi də var, bu, müvafiq sahə üzrə formalaşmış iqtisadi bazarla bağlıdır. Akademik musiqi bazarının göstəricilərindən biri ABŞ-da demək olar böyük surətlə yazılan əsərlərin, xüsusən opera janrı kimi irihəcmli əsərlərin təbliğində özünü göstərir.

Gənc bəstəkar kimi arzularımdan biri Azərbaycan Opera və Balet Teatrının fəaliyyətində yeniliklərin baş verməsi, müasir dövrümüzün tələblərinə uyğun əsərlərin yazılması və səhnələşdirilməsidir. Akademik musiqinin sözün poetik mənasında geniş kütlələrə açılan qapıları məhz Opera və Balet Teatrının qapılarıdır. O qapılardan gənc bəstəkarların yazdığı baletlər, operalar içəriyə keçib də səhnə üzü görəcəksə, tamaşaçı da gələcək, yüksək zövq də formalaşacaq. Opera və balet əsərlərinin yazılmasının gənc bəstəkarlara ünvanlı dövlət sifarişləri kimi təşkili, belə əsərlərin səhnələşdirilməsi milli musiqimizin gələcəyi üçün ən önəmli məsələlərdəndir.



- Ümumiyyətlə, musiqinin özü nədir?

- Dünya musiqi tarixində musiqinin nə olmağı haqqında bir çox bəstəkarlar və musiqi alimləri təriflər verib, fərziyyələr irəli sürüblər. 2012-ci ildə Drezdendə gənc Azərbaycan bəstəkarlarının konsertindən sonra mənə məhz bu sualı bir alman dinləyici də vermişdi. Cavabımda musiqinin obrazlı olaraq çox güman, sadəcə, hərflərdən ibarət altı səsli akkord olduğunu zənn etdiyimi demişdim. Düşünürəm ki, öz yaradıcılığı ilə 20-ci əsrin akademik musiqi tarixində inqilab edən alman bəstəkarı Anton von Vebernin tərifi ilə kifayətlənə bilərəm. O, “Yeni musiqiyə aparan yol kitabında yazırdı: “Nədir musiqi? Musiqi dildir. İnsan oğlu bu dildə ideyalarını ifadə etmək istəyir. Amma bu ideyalar məfhumlara çevrilə bilməz”.

- Peşəkar musiqiçi kimi Azərbaycan musiqisinin özəlliyini nədə görürsünüz?

- Azərbaycan musiqisinin özəlliyi onun coğrafiyası, multikultural mühiti, digər ölkələrin musiqisi ilə qarşılıqlı təsirdə olmağı ilə bağlıdır. Bu mühitdə Qara Qarayevin vaxtilə bütün sovet məkanı və dövrü üçün ən avanqard olan əsərləri qəbilindən yazılanlar da yarana bilir, paralel olaraq kifayət qədər konservativ lokal musiqi ənənələri də öz yaşamını davam etdirir. Azərbaycan musiqisinin bu özəlliyini, yəni birtərəfli qapalılıq deyil, yenilənməyə hər zaman təbii şəkildə hazır olmaq özəlliyini faydalı məcraya yönəltmək, ondan xüsusən akademik musiqi sahəsində istifadə etmək lazımdır.

- Bu gün televiziyalardakı bayağı şou proqramlar Azərbaycan musiqisinə nə dərəcədə zərbə vurur?

- Qurşaqdan aşağı vurulan zərbələr boksda nəzərə alınmır.

- Azərbaycan cəmiyyətində bayağı musiqi sevdası haradan yaranır?

- Ümumiləşdirmələri sevmədiyimdən yəqin ki,  bu suala dürüst cavab verə bilməyəcəyəm. Dostlarımda, yaxınlarımda belə sevda müşahidə etmirəm.

- Bir az dərs dediyiniz universitetdən danışın. Tələbələrə nəyi tədris edirsiniz?

- Son iki ildə ABŞ-ın Ohayo ştatında, Sinsinnati şəhərində yerləşən Sinsinnati Universitetində bəstəkarlıq, elektron musiqi tarixi və texnikaları, eləcə də Yaxın Şərq musiqisi fənlərinin tədrisi ilə məşğul oluram. ABŞ-ın universitet reytinqlərində kifayət qədər öndə olan bu universitetdə dərs demək mənim üçün böyük təcrübə, məsuliyyətli və zövqlü işdir.

- Azərbaycan və dünya miqyasında hansı bəstəkarları və müğənniləri bəyənirsiniz?

- Dünya miqyasında yaradıcılığı ilə təmasda olduğum, bəyəndiyim bəstəkarların siyahısı çox genişdir. İsimlərini sualınıza cavab olaraq yazsam, musiqi tarixinin ən qədim dövründən müasir dövrümüzə qədər bəyəndiyim bəstəkarların hamısını sadalamağa ehtiyac yaranacaq, oxucunuzu nəzərə alıb siyahını öz cavabımda təqdim etmirəm. Ehtiyac olarsa, bunu ayrıca mətn olaraq böyük məmnuniyyətlə maraqlananlar üçün bölüşə bilərəm. Sadəcə, bu siyahının sonundan qısa bir çıxarış kimi adlarını çəkmək istədiklərim var: gənc Azərbaycan bəstəkarları Səid Qəni, Ayaz Qəmbərli, Tahir İbişov, Firudin Allahverdi.

- Xaricdə Azərbaycan musiqisi necə qəbul olunur?

- Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yalnız pozitiv reaksiyalarla qarşılaşmışam.



Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu