Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə ölkədə ciddi etirazla qarşılanıb. Hakimiyyət rəsmiləri, deputatlar açıqlamalar verərək bu qətnaməni Azərbaycana qarşı müxtəlif dairələrin qərəzli yanaşması kimi qiymətləndirirlər. Qətnamə reallaşarsa, Azərbaycana qarşı tətbiq edilə biləcək sanksiyalarla kimlər üzləşə bilərlər?
Hüquqşünas Ələsgər Məmmədli Modern.az-a bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnaməni diqqətlə analiz etmək lazımdır:
“Rəsmi qurumlar, dövlət nümayəndələri dərhal qətnaməni tənqid etmək əvəzinə, bu günə qədər baş verənləri analiz etmək lazım idi. Məsələnin mahiyyətinə gedilmədən fikirlər səsləndirildi. Bu isə çox təhlükəlidir. Azərbaycanda doğurdan da belə bir problem var. Xeyli sayda QHT fəalı, İntiqam Əliyev, Rəsul Cəfərov, İlqar Məmmədov kimi siyasətçi, Xədicə İsmayıl kimi jurnalist, eyni zamanda Leyla və Arif Yunus kimi hüquq müdafiəçiləri, bir sözlə, çox sayda insan həbsdədir. Hər kəsin həmin şəxslərin həbs edilməsinin onların fəaliyyəti ilə əlaqədar olması düşüncəsindədir. Bununla bağlı iradlar Avropa Parlamentinin son qətnaməsində çox aydın görünür”.
Hüquqşunasın sözlərinə görə, Avropa Parlamentinin bu qətnaməsi bizə qarşı kəskin addımların atılması üçün bir başlanğıc ola bilər:
“Azərbaycanda bu tip qərarların çıxarılmasında rolu olan hüquqçular, hakimlər, bəlkə də siyasətçilər hansısa formada sanksiyalara məruz qala bilərlər. Sanskiyalar Avropaya səyahətlə, yaxud onların gələcəkdə Avropada qalması və digər qadağadan ibarət ola bilər. Ona görə qətnaməni, sadəcə, “bu, erməni lobbisinin bir təşəbbüsüdür və biz bunu saymırıq” deməklə keçmək olmaz”.
Ələsgər Məmmədli qeyd edib ki, sadə vətəndaşıların bu prosesdən əziyyət çəkəcəyini gözləmək sədalövlük olar:
“Yəqin ki, bu qərar incələnərək burada rol alan şəxslərin katerqoriyası müəyyənləşdirilə bilər. Daha öncə bu tip qərarlar digər dövlətlərə və şəxslərə qarşı olub. Həmin qərarlar çərçivəsində ilk növbədə, belə hallarla nəticələnən qərarlara imza atan hakimlər, vəkil kimi çıxış edən prokurorlar, prosesi formalaşdıran, hətta ekspert kimi QHT Şurasının üzvü olmuş və ya oradan gələn şəxslər, qanunvericiliyi sərtləşdirən tərəf və ya təklif edən tərəf, yəni bu prosesdə olanların hər biri sanksiyaya məruz qalacaq katerqoriya çərçivəsində namizəd kimi görünə bilər. Bəlkə hansısa siyasi şəxslər də bu kateqriyaya daxil ola bilər, amma bunu indiki halda real görmürəm”.
Xatırladaq ki, Avropa Parlamentinin qətnaməsindəki maddələrdən birində Avropa Komissiyası ilə üzv ölkələr Azərbaycanda siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırılıb.
Aytən ZƏHRA