Milli Məclisin deputatı İlham Məmmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən hiddətlənib. Onun Modern.az-a bildirdiyinə görə, qətnamə Avropanın əxlaqi keyfiyyətlərdən, elementar insani hislərdən məhrum olan erməni lobbisinin əlində qalıb onun bu qədər şər, böhtan kompaniyasına rəvac verdiyi qənaətini formalaşdırır:
“Avropa dəyərlərini bütün dünyaya ixrac edən Avropanın özü iyrənc fikirlər təbliğ edən qətnamə qəbul edib. Bu qətnamə ilə tanış olarkən düşünürsən ki, sənəd sanki bu dəqiqə əl ilə yazılıb. Qətnamədə metod da, üslub da eynidir, fərqli bir şey yoxdur. Sadəcə olaraq, bir çox məqamlar məni dəhşətə gətirir.
Bizim rəsmilərin Avropaya gedişinə qadağa qoymaq üçün sanksiya tətbiq edilməsinə çalışırlar. Doğurdan da, bu, adamı hiddətləndirir. Bu gün orada olan insanlar birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və dünyaya yeni modern ölkə şəklində təqdim olunmasına qarşı yaranan narazılıq kampaniyasının daha kəskin formasıdır.
Ancaq onlar birinci Avropa Oyunlarında gördülər ki, Azərbaycan stabil, o cümlədən də dünyada analoqu olmayan ölkələr sırasındadır. Azərbaycan prezidenti həqiqətən də xalq tərəfindən sevilir, hər zaman xalqın arxasındadır. Ölkənin inkişafı, xalqın sosial rifahının yaxşılaşması üçün atdığı hər bir addım milli maraqlara söykənir və müstəqil siyasət aparır. Bütün bunlar təbii ki, o dairələrin qıcıqlanmasına səbəb olur”.
Deputatın sözlərinə görə, bu gün Avropanın özünün Avropa dəyərləri ixrac etmək üçün dünya ölkələrinə etdiyi və atdığı bumeranq özünə qarşı çevrilib və onları narahat edir: “Təbii ki, bu gün onlar bütün sahələrdə nümunə ola biləcək bir dövlətin varlığını qəbul etməzlər. İnsan hüquq və azadlıqları ölkəmizdə qorunur. Hər bir insanın, hər bir Azərbaycan vətəndaşının fikir və mətbuat azadlığına hörmətlə yanaşılır və bunun qorunmasına da yüksək səviyyədə əməl olunur.
Azərbaycan hökumətini korrupsiyada günahlandırmaq nə dərəcədə həqiqətə uyğundur? Son 10 ildə Azərbaycanda tikilən məktəbləri, səhiyyə ocaqlarını, bağçaları və sosial infrastruktur obyektlərini gözümüzün qabağına gətirək. Cənab prezident hər bir obyektin açılışında şəxsən özü iştirak edir. Hər şey xalqımızın gözü qarşısında baş verir. Ona görə də yalanlar, iftiralar Avropa İttifaqının özünün apardığı ikili standartlardır”.
Modern.az