Sentyabrın 11-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub.
Bu haqda
Modern.az Azərbaycan prezidentinin rəsmi saytına istinadən xəbər verir. Prezident Nursultan Nazarbayev bildirib ki, xalqlarımız arasında bütün istiqamətlər üzrə yaxınlıq var:
”Ölkələrimiz arasında heç vaxt həll edilməmiş heç bir problem olmayıb – istər sovet dövründə, istərsə də müstəqillik illərində. Dostluq hissi, bir-birimizə etimad, bir-birimizin qayğısına qalmaq hissləri olub, Sizinlə bərabər sevinmişik, Sizinlə bərabər kədərlənmişik. Buna görə də düşünürəm ki, Sizin hər bir səfəriniz, bizim hər görüşümüz ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə yeni səhifədir”. N.Nazarbayev qeyd edib ki, indi çətin dövrdür: “Dünyada böhran gedir, bizim ixrac mallarının qiyməti azalır. Qiymətlər ölkələrimiz arasında ticarətə də, əmtəə dövriyyəsinə də mütləq mənada təsir göstərir. Lakin bunu dəf etmək və ümumi təmas nöqtələri tapmaq lazımdır”. Azərbaycan Prezidenti İlham Əliyev də xoş sözlərə görə həmkarına təşəkkür edib və bildirib ki, ikitərəfli münasibətlərin dinamik inkişafı bu gün də davam edir: “Bizim aramızda bütün istiqamətlər üzrə tam qarşılıqlı anlaşma var. Prezidentlər səviyyəsində biz çox tez-tez görüşürük – həm Qazaxıstanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə keçirilən tədbirlər çərçivəsində. Həmişə də ikitərəfli və regional məsələləri açıq müzakirə edirik. Əlbəttə, bu gün dünya iqtisadiyyatında yaranmış vəziyyət bizi narahat edir və düşünürəm ki, bu gün biz bu mövzunu da müzakirə edəcəyik”. İ.Əliyev qeyd edib ki, Qazaxıstan bu vəziyyətdən minimal itki ilə çıxır: “Hərçənd, ölkələrimiz neftin istehsalçıları və ixracatçıları kimi təbii ki, bu sınağa məruz qalıblar. Lakin bu da bizim səmərəliliyimiz üçün bir test olacaq. Düşünürəm ki, sizin qeyd etdiyiniz kimi, biz bunun öhdəsindən ləyaqətlə gələcək və uğurla irəli gedəcəyik". Söhbət zamanı prezidentlər ortaq tarixi, mədəniyyəti, milli maraqları olan ölkələrimiz arasında əlaqələrin perspektivlərinin daha da geniş olduğunu qeyd ediblər və mövcud potensialdan səmərəli istifadə edilməsində belə tədbirlərin xüsusi önəm daşıdığını vurğulayıblar. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub.
Modern.az