“Bəzi avropalı siyasətçilərin ikiüzlü, riyakar fəaliyyəti, konkret sifariş həyata keçirməsi çoxdandır müşahidə olunan bir haldır. “Avropa Parlamentində” “ALDE qrup”un təşəbbüsü ilə qəbul olunan qətnamə Azərbaycana qarşı açıq qərəzə və ədalətsiz mövqeyə söykənir”.
Bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın (ALDE qrupun) təşəbbüsü ilə Azərbaycana qarşı qəbul olunan qətnaməyə münasibət bildirərkən deyib.
Sahibə Qafaraova qeyd edib ki, sənəddə Azərbaycan reallıqları tamamilə təhrif olunur, ölkəmizlə bağlı əsassız ittihamlar irəli sürülür:
“Bir sıra avropalı siyasətçilərin ikiüzlü, riyakar fəaliyyətlə məşğul olması, konkret sifariş həyata keçirməsi artıq çoxdandır müşahidə olunan bir haldır. Biz bunun konkret olaraq ölkəmizə münasibətdə də bir neçə dəfə müşahidə etmişik. Bilirsiniz ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. 25 ildən artıqdır davam edən sülh danışıqları məhz Ermənistan dövlətinin təxribatçı fəaliyyəti və müxtəlif manipulyasiyalarla danışıqlardan yayınması səbəbindən heç bir nəticə verməyib. Buna görə də elə Ermənistanla yanaşı, onun bu cür təxribatçı, hüquqdan kənar və beynəlxalq ədalət prinsiplərinə saymazyana davranışlarına göz yuman Qərb dövlətləri də məsuliyyət daşıyır. Bu gün bu qəntaməni hazırlayan, onun lehinə səs verən siyasətçilər niyə bircə dəfə də olsun, Dağlıq Qarabağ münaqişəsi, Xocalıda baş verən və insanlıq tarixinin ən amansız qətliamlarına, soyqırımına dair qətnamə hazırlayıb, fikir bildirmirlər? Bu sualın cavabı bizim hamımıza aydındır. Çünki onlara sifariş verən qüvvələr Azərbaycanı hədəfə almağı tapşırıb. Nə vaxt Ermənistanda vəziyyət mürəkkəbləşirsə, Azərbaycan bütün dünyada özünü yüksək səviyyədə təqdim etmək imkanı qazanırsa, bu qüvvələr hərəkətə keçirlər”.