Müxtəlif təşkilatlar və ictimai-siyasi xadimlərdən Avropa Parlamentinin qətnaməsinə etirazlar səslənməkdədir.
Modern.az xəbər verir ki, professor Avropa Təbiət Elmləri Alademiyasının akademiki Qüdrət İsakov da onların sırasındadır. Professor bildirir ki, bu parlamentdə deputatların əksəriyyəti nəyə səs verdiklərini başa düşmür. Sadəcə eyforiyaya düşərək qərəzli və təzadlı qətnamələrin lehinə səs verirlər.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi də məlum qətnamə ilə bağlı Bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, bu qətnamə növbəti parlament seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmaq üçün edilən cəhdlərdən biridir. “Ermənistanın işğalçı və xalqa zidd siyasəti görməzlikdən gəlinərək Azərbaycana vassal dövlət münasibəti göstərilir, Ermənistandan fərqli olaraq müstəqil dövlət olduğumuz həqiqəti nəzərə alınmır. Azərbaycan Respublikası Avropa İttifaqının üzvü olmadığı üçün bu təşkilat və onun qurumları qarşısında bir öhdəliyi olmadığı kimi, Azərbaycanın müstəqilliyinə edilən bu kimi müdaxilələr də yersizdir və Avropa Parlamentinin öz səlahiyyət hüdudlarını aşması mənasına gəlir. Bu səbəbdən təşkilat olaraq Avropa Parlamentini şiddətlə qınayır, onu müstəqil dövlətçiliyimizə hörmət etməyə və işğal edilmiş torpaqlarımızın azad edilməsində aktiv rol oynamağa çağırırıq”. Modern.az