Modern.az

“Azərbaycanda 600 minədək sahibsiz heyvan var”

“Azərbaycanda 600 minədək sahibsiz heyvan var”

12 Sentyabr 2015, 10:32

Paytaxt sakinləri şəhər küçələrində sahibsiz heyvanların sayının artmasından şikayətçidir. Bəzi hallarda itlərin sürü şəklində insanların sıx olduğu ərazilərdə gəzişdiyinin şahidi oluruq. Bir vaxtlar heyvanların ovlanması ilə məşğul olan idarənin işçiləri isə xeyli müddətdir gözə dəymir.

Heyvanları Mühafizə Cəmiyyətinin sədri Azər Qarayev Modern.az saytına deyib ki, Beynəlxalq Heyvanların Mühafizə Cəmiyyəti əhalinin təxmini sayına görə sahibsiz heyvanların sayını müəyyənləşdirib. Bu rəqəmlərə əsasən, Azərbaycanda 500-600 min sahibsiz heyvan var. Bunun böyük hissəsi paytaxtda, Sumqayıt, Mingəçevir kimi böyük şəhərlərdədir.

“Təəssüf ki, Azərbaycanın özündə sahibsiz heyvanların rəsmi statistikası aparılmır. Çünki, bununla məşğul olan rəsmi qurum yoxdur”.

A.Qarayev israrla deyir ki, heyvanların sayında artım yoxdur, əksinə hər gün yüzlərcəsi məhv edilir:

 “Bizim apardığımız monitorinqlər deməyə əsas verir ki, Azərbaycanda, xüsusilə Bakıda sahibsiz heyvanların sayının artması müşahidə edilmir. Bu sadəcə bəzi qurumlar tərəfindən qondarma şəkildə yayılmış uydurmalardır. Onu deyə bilərəm ki, rəsmi şəkildə yeni anadan olmuş nəsildən 7-8 küçük əmələ gəlir. Üç ilə qədər həmin 7-8 küçükdən sağ qalanların sayı iki olur. Yeddi ilə qədər isə orta hesabla biri sağ qala bilir. Onların məhv olmasına bir çox hallarda xəstəliklər, aclıq, immunititetin zəifləməsi səbəb olur. Bu isə artım deyil.

 Bakı şəhəri və ətraf kəndlərdə hər gün yüzlərlə heyvan diqqətsiz sürücülərin avtomobillərinin qurbanına çevrilir. Onların leşi Bakı Şəhər İcra  Hakimiyyətinin kommunal təsərrüfat idarələri tərəfindən Balaxanı zibilxanasında yandırılır”.

Cəmiyyət sədri ölkədə heyvanlara qarşı münasibətdə müsbətə doğru dəyişikliklərin müşahidə edildiyini dilə gətirib:

“Bizim təşkilat 1992-ci ildən, rəsmi olaraq isə 1994-cü ildən fəaliyyət göstərir. Mən özüm Azərbaycanda Heyvanların Mühafizə Cəmiyyətini yaradanlardan biriyəm. O vaxt biz yeganə təşkilat idik. İndi sevindirici haldır ki, Azərbaycanda 7, rəsmi olaraq isə 5 təşkilat heyvanların mühafizəsi ilə məşğuldur.

Həm də sevindiricidir ki, sosial şəbəkələrdə heyvanların mühafizəsi aksiyasına qoşulanların sayı 15-16 mini keçib. İnsanlar heyvanlara qarşı edilən zorakılığa biganə deyil, hətta bir çox hallarda kəskin reaksiya verirlər”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza