Modern.az

Hesablama Palatası Azərbaycanın 4 ölkədəki diplomatik korpusunda maliyyə yoxlaması aparıb

Hesablama Palatası Azərbaycanın 4 ölkədəki diplomatik korpusunda maliyyə yoxlaması aparıb

12 Sentyabr 2015, 11:20

Azərbaycanın Avstraliyadakı səfirliyinin əməkdaşı Anar Həsənov çalışdığı səfirliyin və Xarici İşlər Nazirliyi sisteminin işində rastlaşdığı korrupsiya faktları ilə bağlı mətbuata məlumat sızdırmaqla böyük qalmaqala imza atıb. Bu hadisədən sonra Anar Həsənov vəzifəsindən uzaqlaşdırılıb, Xarici İşlər Nazirliyi onun irəli sürdüyü iddiaların əsassız olduğunu bəyan edib.

Ümumiyyətlə, Azərbaycanın xaricdəki başqa diplomatik nümayəndəliklərində də maliyyə pozuntularına yol verildiyi barədə iddialar səsləndirilir.

Modern.az saytı Hesablama Palatasından Azərbaycanın xaricdəkli hansı səfirliklərində yoxlamaların aparıldığını və bu zaman hansı maliyyə pozuntularının aşkar olunduğunu öyrənməyə çalışıb. 

Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva Modern.az-a bildirib ki, iş planı üzrə həyata keçirilən və başa çatdırılan bütün nəzarət tədbirlərinin nəticələri barədə məlumat Hesablamalar Palatasının rəsmi saytında mütəmadi olaraq yerləşdirilir və oradan audit aparılan təşkilatlar barədə məlumatlar əldə edilə bilər. Onun sözlərinə görə, rəsmi saytda Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirlik, konsulluq və nümayəndəliklərində həyata keçirilən nəzarət tədbirləri barədə də məlumatlar əks olunur.

Hesablama Palatasının rəsmisi deyib ki, bu il Azərbaycanın Belçika və Niderlan Krallıqlarındakı səfirliklərinin, Azərbaycanın Avropa Şurası yanında (Strasburq) və NATO yanında daimi nümayəndəliklərinin fəaliyyəti ilə bağlı audit tədbirləri həyata keçirilib:

“Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) fəaliyyətində bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehrtimalı nəzərə alınaraq yoxlama materiallarının Baş Prokrorluğa göndərilməsi qərara alınıb, digər iki nəzarət tədbiri üzrə isə Xarici İşlər Nazirliyinə müraciət edilib.

Eyni zamanda, keçirilən nəzarət tədbirlərinin nəticələri barədə “Hesablama Palatası haqqında” qanunun tələblərinə uyğun olaraq Milli Məclisə məlumat verilir. Bundan əlavə, müvafiq qanunvericilikdə nəzərdə tutulduğu kimi, Hesablama Palatasının fəaliyyəti haqqında illik hesabatalar Milli Məclisə təqdim olunur və “Milli Məclisin Məlumatı”nda dərc olunur”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza