Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, sentyabr ayının 13-dən oktyabr ayının 2-dək deputatlığa namizəd olmaq istəyənlərin müraciətlərinə baxılacaq. Oktyabr ayının əvvəllərindən isə namizədliyi qeydə alınan şəxslərin televiziya və qəzetlərdə təbliğat kampaniyalarına start veriləcək.
Artıq bir sıra qəzetlər reklam kampaniyası ilə bağlı MSK-ya müraciət edib.
Modern.az saytı qəzetlərin deputatlığa namizədlərin təbliğat üçün müəyyənləşdirdiyi reklam qiymətləri ilə maraqlanıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu kampaniyada iştirak edəcəklərini bildirib:
“Təbii ki, namizədlər təbliğat üçün “525-ci qəzet”ə müraciət edə bilərlər. Qiymətlər məlumdur. Biz ümumi qaydada qiymətləri MSK-ya təqdim etmişik. Qiymətlər əsasında hansı namizəd müraciət etsə, biz onun təbliğatını apara bilərik. Amma hələ ki namizədliklərini irəli sürənlər arasında reklamla bağlı qəzetimizə müraciət edən olmayıb”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə artıq bir neçə namizədin reklamla bağlı onlara müraciət etdiyini vurğulayıb:
“İşi qanunvericilik əsasında müəyyənləşdirəcəyik. Hər zaman da belə etmişik. Heç bir fərq qoymadan seçki qanunvericiliyinə uyğun şəkildə reklam kampaniyasından hər kəs yararlana bilər. Qiymətlər də müəyyən olunub. Reklam kampaniyası ilə bağlı artıq bir neçə nəfər müraciət də edib”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı yaxın günlərdə bu barədə MSK-ya müraciət edəcəklərini söyləyib:
“Əvvəlki illərdə olduğu kimi, bu il də parlament seçkilərində iştirak edən namizədlərə reklam yeri ayırmaq fikrindəyik. Bunun üçün MSK-ya müraciət etmək fikrindəyik. Yaxın günlərdə müraciətimiz olacaq. Yəqin ki, vəziyyətə uyğun münasib bir qiymət olacaq. Lakin hələ ki heç bir namizədin bizə müraciəti olmayıb”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu reklam kampaniyasında yalnız Yeni Azərbaycan Partiyasından olan namizədlərinin təbliğatını aparacaqlarını bildirib:
““Yeni Azərbaycan” qəzeti bütün seçkilərdə Seçki Məcəlləsinin tələbinə uyğun iştirak edib. Bu il də yenə məcəllədə necə nəzərdə tutulursa, ona uyğun işimizi quracağıq. Bizə reklamla bağlı başqa partiyaların namizədlərindən müraciət edənlər olub. Lakin biz yalnız Yeni Azərbaycan Partiyasının namizədlərinin reklam kampaniyası ilə məşğul olacağıq”.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov təbliğat kampaniyasında yaxından iştirak edəcəklərini vurğulayıb:
“Biz təkcə dövlət qəzeti statusunu daşımırıq, eyni zamanda Milli Məclisin rəsmi orqanıyıq. Seçkilərlə bağlı bütün məsələləri Seçki Məcəlləsinə uyğun, dəqiqliklə icra edirik. MSK ilə də bizim əvvəldən əlaqələrimiz var. Artıq 20 ildən çoxdur xüsusi rubrikalarımız formalaşıb. Prosedura uyğun olaraq, bütün işləri ardıcıllıqla yerinə yetirik. Təbliğat qabağı əvvəlcə bizdə püşkatma olur. Redaksiya daxilində namizədlərin reklamı ilə bağlı qiymətləri də müəyyənləşdirmişik. Biz Seçki Məcəlləsinin tələblərinə əməl edib mərhələlər üzrə iş qururuq. Hələ ki namizədlərdən müraciət edən olmayıb. Tezdir, indi qeydə alınırlar. Qeydə alındıqdan sonra təbliğat dövrü başlayacaq. Yəqin ki, oktyabrın əvvəllərindən namizədlərdən müraciət edənlər olacaq” .
Leyla Əfqan