Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə yaşayan sakinlərlə görüşüb. Onların fədakarlıqlarından, vətən və torpaq sevgisindən danışan deputat dövlətimizin daim ön cəbhədəki yaşayış məntəqələrini xüsusi diqqətdə saxladığını və qayğı göstərdiyini qeyd edib. O, burada yaşayan insanların daim qəhrəmanlıqla düşmənə qarşı mübarizə aparmasını xüsusi vurğulayıb. Qənirə Paşayeva bir müddət əvvəl Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq yaraladığı bir neçə kənd sakini ilə də görüşüb, onların sağlamlıq vəziyyəti ilə maraqlanıb.
O, Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində Ermənistan silahlılarının atəşkəs rejimini pozararaq yandırdığı mülkü vətəndaş Tariyel İsmayılova məxsus evi də ziyarət edib. Ailə üzvləri bildiriblər ki, Ermənistan silahlıları hər zaman olduğu kimi insanlıqdan kənar əməllərini davam etdirərək ailəyə məxsus evi silahlarla hədəfə alaraq onun bir hissəsini yandırmış, amma yanğının qarşısını tez bir zamanda almaq mümkün olduğundan ailəyə məxsus bütün evi yanmaqdan xilas edilmişdir. Deputat bildirib ki, ön cəbhədə yerləşən kəndlərimiz hər zaman cənab Prezidentimizin xüsusi diqqəti altındadır və hər zaman belə hallarda ailələrə dəyən ziyan dövlət tərəfindən ödənilir.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin rəhbəri Əli Məmmədovla ailənin vəziyyəti ilə bağlı söhbət etdiyini deyən millət vəkili Qənirə Paşayeva onlara bir neçə gün içində lazım olan dəstəyin göstəriləcəyini deyib. Millət vəkili ön cəbhədə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. O, həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib.
Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində Ünvanlı Sosial Yardıma ehtiyac olan insanların daha çox olduğunu bildiriblər. Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin vacibliyindən danışıblar və bununla bağlı millət vəkili Qənirə Paşayeva Milli Məclisdə bir neçə dəfə məsələ qaldırdığı üçün təşəkkür edərək onu daim diqqətdə saxlamasını istəyiblər.
Cənab Prezidentin dəstəyi ilə ön cəbhə kəndlərinə gələn yolların təmiri, yeni su xətlərinin çəkiişini, su anbarının tikintisini yüksək qiymətləndirdiklərini deyən kənd sakinləri uzun illər əvvəl çəkilmiş və çox köhnəlmiş bir sıra elektrik naqillərinin dəyişməsinə böyük ehtiyac olduğunu bildiriblər. Sakinlər özəlliklə ön cəbhə kəndlərində iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar.
Millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararıb, həll edilməsi istiqamətində kömək göstərilməsinə çalışacağını bildirib.
Q.Paşayeva onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib:”Dövlətimiz, ordumuz hər zaman yanınızdadır və düşmən mülkü vətəndaşlarımıza qarşı hər cinayətinə görə sizin düşündüyünüzdən də ağır cavabları alır və alacaq.
Azərbaycan artıq düşmənə layiqli cavab verə bilən bir Azərbaycandır".
Modern.az