Modern.az

Patrik Hikki indi də Qış Avropa Oyunları keçirmək istəyir

Patrik Hikki indi də Qış Avropa Oyunları keçirmək istəyir

14 Sentyabr 2015, 13:13



Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki indi də Qış Avropa Oyunları keçirmək təklifini irəli sürüb.

Modern.az sayt virtualaz.org-a istinadən xəbər verir ki, Patrik Hikki bu təkliflə Bakıda bu ilin iyun ayında keçirilmiş I Avropa Oyunlarının yekunlarına dair Romada təşkil edilən, Azərbaycanın idman və gənclər naziri Azad Rəhimovun iştirak etdiyi ikigünlük brifinqdə çıxış edib.

P.Hikki toplantıda iştirak edən Avropa Olimpiya komitələri nümayəndələrinə bildirib ki, Avropa Yay Oyunlarının qış versiyasını da keçirmək lazımdır. Hərçənd ki, II Avropa Oyunlarının hansı ölkədə keçiriləcəyi, onun ümumiyyətlə, baş tutub-tutmayacağı hələ məlum deyil.

Patrik Hikki 2019-cu ildə keçirilməsi planlaşdırılan II Avropa Oyunlarının ev sahibi ölkəsinin gələn ay müəyyən edilməli olduğunu deyib. Əlavə edib ki, Qış Avropa Oyunlarını yay oyunlarının başa çatmasının ardınca keçirmək təklif olunur, ancaq indidən ideyanın texniki-iqtisadi əsaslandırılmasını işləyib hazırlamaq lazımdır.

Patrik Hikki Qış Avropa Oyunlarının keçirilməsi ideyasını Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxla müzakirə edəcəyini deyib. Qitə qış oyunları Asiya Olimpiya Şurası tərəfindən ilk dəfə 1986-cı ildə təşkil edilib. Patrik Hikki hesab edir ki, Qış Avropa Oyunlarının keçirilməsi ideyası 2022-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən, ancaq müsabiqəni uduzan şəhərlər üçün cəlbedici ola bilər.

Roma toplantısına Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da qatılıb. Gələcək oyunlarda "Bakı layihəsi"ndən istifadə müzakirə olunub.

Amma P.Hikki onu da qeyd edib ki, Avropa Oyunlarının hər bir ev sahibi ölkənin tələblərinə uyğun, fərqli hazırlanacaq.

Oyunlar üçün əsasən 5-6 əsas oyun növünün seçiləcəyi, atletikanın da onların içində olacağı bildirilir. Atletika Bakı proqramında 20 idman növü arasında idi.

P.Hikki deyib ki, gələcək oyunlarda iştiraka digər idman növlərini özündə birləşdirən federasiyalar da maraq göstərib. Gənclərə yönəlik idman növləri də maraqlıdır. Bakıdan yayım rəqəmlərinin ilkin təhlili, məsələn, çimərlik futbolunun Azərbaycan paytaxtında populyar olduğunu göstərir.

Tam yayım statistikası hələ açıqlanmayıb. Ümumilikdə dünya üzrə izləyici sayının 1,7 milyard olduğu bildirilir.

P.Hikki ilk oyunların böyük uğurla keçdiyini, Azərbaycanın gələcəkdə böyük tədbirlərə ev sahibliyi etmək gücündə olduğunu bildirib. O da qeyd olunur ki, bu ölkə 2024-cü il Yay Olimpiadası və Paralimpiya Oyunlarına ev sahibliyi üçün də müraciət edə bilər. Müraciət üçün son tarix sentyabrın 15-dir.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza