Modern.az

“O qətnaməyə imza atanlar “qara siyahı” üçün çox layiqli namizədlərdir”

“O qətnaməyə imza atanlar “qara siyahı” üçün çox layiqli namizədlərdir”

14 Sentyabr 2015, 15:10

“Bu gün müstəqil Azərbaycanımız mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Ölkəmiz parlament seçkilərinə hazırlaşır. Belə bir vaxtda suveren dövlətimizin  qısa zaman kəsiyində əldə etdiyi uğurları gözü götürməyən qüvvələr fəallaşıblar”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, ölkəmizin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov  parlamentdə keçirilən növbədənkənar iclasda çıxışı zamanı deyib.

E.İbrahimovun sözlərinə görə, Azərbaycanın nüfuzunun gündən-günə artması, dünyanın iqtisadi və sosial həyatında özünə layiqli yer tutması anti-Azərbaycan siyasəti yeridən müəyyən dairələri, xüsusilə Avropa Parlamentindəki bəzi nümayəndələri  çox narahat edir.
“Belə olmasaydı onlar hər dəfə respublikamızda böyük beynəlxalq və ölkə əhəmiyyətli tədbirlər ərəfəsi öz məkrli niyyətlərini büruzə verməzdilər.  Biz bunun “Eurovision-2012”, 2013-cü il Prezident seçkiləri, 2015-ci ildə  “Birinci Avropa Oyunları” keçirilən dövrlərdə şahidi olmuşuq.

Avropa Parlamentinin bu günlərdə ölkəmizlə bağlı qəbul etdiyi ürəkbulandıran kağız parçası olan sənədi də anti-Azərbaycan siyasəti yeritməyi özlərinə peşə seçənlərin əməllərinin nəticəsidir. Qətnamə ilə tanışlıq dediklərimizi tamamilə təsdiq edir”.

E.İbrahimovun fikrincə, bu qətnaməni hazırlayanlar, anti-Azərbaycan münasibəti ilə bizə tanış olan eyni simalardır.

“Mən onların adını çəkmək istəmirəm. Ona görə ki, onlar buna layiq deyillər. Bu kəslər kimlərinsə verdiyi 5-10 dollara və erməni lobbisinin həqiqətdən uzaq  fikirlərinə aldanaraq heç bir araşdırma aparmadan, geniş və hərtərəfli müzakirələr keçirmədən ölkəmizə çirkab atmaqla məşğuldurlar. Onlar unudurlar ki, Azərbaycan bölgədə  daxili sabitliyi ilə seçilən, maliyyə və iqtisadi böhrana məruz qalmayan, vətəndaşlarının maddi-rifah halını ilbəil yaxşılaşdıran bir ölkədir.

Qətnamədə ölkəmizi konkret cinayət işi üzrə  məsuliyyətə cəlb olunmuş bir neçə nəfərə  görə insan haqlarının pozulmasında qınayırlar. Sənədə imza atanlardan soruşmaq lazımdır ki, əgər sizin həqiqətən də insan haqlarının pozulmasına qarşı mübarizə aparmaq niyyətiniz varsa, onda nə üçün 25 ildən çox hüquqları Ermənistan tərəfindən kobudcasına pozulmuş 1 milyondan çox azərbaycanlının taleyinə biganə qalırsınız? Bu qədər qaçqının tələbatını kiçik bir ölkə olan Azərbaycan təkbaşına ödədiyi halda, Qərb öz  iqtisadi maraqlarının qurbanı olan Yaxın Şərq miqrantlarının əlində aciz qalıb. Onlara  Avropa ölkələrində  sığınacaq verilmir. Miqrant sığınacaqları yandırılır, qaçqınlara işgəncələr verilir, hamının gözü qarşısında təhqir olunur, döyülür və  müsəlman miqrantların olduqları gəmiləri qəsdən deşərək batırırlar. Bəs nəyə görə bu “insan hüquq carçıları” səslərini çıxarmırlar.

Əgər beynəlxalq hüquqdan danışırsınızsa  nə üçün 22 il bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurasının erməni ordusunun Azərbaycanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxması barədə qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsini tələb etmirsiniz? Əlbəttə, onlar bunu tələb edə bilməzlər, çünki onlar erməni lobbisinin dilənçiləridir və onların sifarişi ilə hərəkət edirlər. Rüşvət və korrupsiya girdabında  boğulan, şərəf və ləyaqətin nə demək olduğunu bilməyən, mənəvi dəyərləri tapdalayan bu kəslər indi  bizə mənəviyyat dərsi vermək iddiasına düşüblər. Onlar 1 milyon qaçqının taleyindən yox, Azərbaycan mentalitetinə uyğun olmayan lezbiyan, homoseksual və bu kimi digər  insanların durumundan narahatdırlar!”.

E.İbrahimov deyib ki, sadalanan faktlar onu göstərir ki, Avropa Parlamentində oturan bəzi siyasətbazlar  Avropada baş alıb gedən qlobal problemlərin həlli,  insanları qaçqın və köçkün gününə salan münaqişələrin aradan qaldırılması, dünyada sülhün və sabitliyin bərqərar olması üçün çalışmaq əvəzinə, cılız və Parlament fəaliyyəti ilə uzlaşmayan bir işlə məşğul olurlar.

“Yaxşı olar ki, onların təmsil olunduqları ölkələr kimləri Avropa Parlamentinə nümayəndə göndərdikləri haqqında bir daha götür-qoy etsinlər. Məhz məsuliyyət hissini itirən belə siyasətbazlar ucbatından  bu qurumun onsuzda nüfuzdan düşmüş imicinə yeni zərbələr vurulur. Zənnimcə, Azərbaycanla bağlı  qətnaməyə imza atanlar “qara siyahı”ya düşmək üçün “çox layiqli namizədlərdir” və hesab edirəm ki, üzvü olmadığımız Avropa İttifaqı ilə münasibətlərimizə də  yenidən baxmalıyıq. Çünki ölkəmizə qarşı belə münasibət artıq neçənci dəfədir ki, baş verir. Prezident İlham Əliyev növbəti ilin dövlət büdcəsi ilə əlaqədar keçirdiyi müşavirədə bildirmişdi ki, Azərbaycanda sabitliyi pozmağa və burada “maydan hərəkatı” yaratmağa can atan qüvvələr var. Onlar müstəqil siyasət yeridən Azərbaycanın uğurlarından çox narahatdırlar. Ancaq bu qüvvələr anlasınlar ki, Azərbaycan dövlətçiliyi  möhkəm təməllər üzərində qurulub. 

Bildirmək istəyirəm ki, bu kağız parçası Azərbaycana qarşı   yönəlmiş növbəti  çox uğursuz bir  cəhddir. Ona görə ki,  Azərbaycan Prezidentinin apardığı düşünülmüş və uzaqgörən siyasət xalqın  dəstəyinə əsaslanır, ölkəmizin sosial-iqtisadi inkişafına,  əhalinin rifah halının yaxşılaşmasına yönəlib. Məhz bunun nəticəsidir ki, ölkə rəhbərliyi ilə xalqın birliyi getdikcə daha da möhkəmlənir, xalqımız öz Prezidenti ətrafında daha sıx birləşərək onu çox yüksək səviyyədə dəstəkləyir, inanır və etibar edir. Bu günümüzün reallığıdır, bundan sonra da belə olacaq!”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama