Bakı-Sumqayıt elektrik qatarının istismara verilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə operativ tədbirlər həyata keçirib.
Bu haqda Modern.az saytına Nəqliyyatı İdarəetmə Mərkəzinin ictimai əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O bildirib ki, tərtib olunan proqram əsasında dəmir yolu yaxınlığından keçən şəhərdaxili marşrutların bir neçəsinin hərəkət sxemində dəyişikliklər olunub:
“Sumqayıt şəhərində Koroğlu prospekti ilə hərəkət edən 5, 7, 7a, 10, 25, 30 və 39 saylı marşrut avtobusları Üzeyir Hacıbəyli küçəsindən Dəmiryolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək. Sərnişinlər rahat və maneəsiz, vaxt itirmədən Dəmiryolu stansiyasına gələ biləcəklər.
Hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi ciblər və sərnişinlər üçün piyada keçidləri çəkilir”.
Gülşən RAUFQIZI