“Regionlarımızda təhsilin keyfiyyəti artırılmalıdır. Elə bölgələrimiz var ki, bu il buraxılış imtahanlarında məzunların əksəriyyəti “qeyri-kafi” alıb”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentybar konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, həmin bölgələr üçün Təhsil Nazirliyi tərəfindən xüsusi metodika hazırlanmalıdır.
“Burada ilk növbədə rayon İcra hakimiyyətləri ilə birlikdə həmin bölgələrdə yerləşən yerli təhsil şöbələrini sıx monitorinq etməliyik. Bölgələrdəki təhsil yaxından izlənməlidir, çünki yerli təhsil şöbələrinin işi bizi qane etmir. Ona görə də hər tədris ilinin sonunda kadr qərarlarında və digər qərarların qəbulunda bu sahədə fəaliyyət göstərən həmkarlarımızın nəticələri qiymətləndirilməlidir”.
Nazir bildirib ki, 15 bölgədə rayon Təhsil şöbələrinin rəhbərləri işdən azad edilib.
“Əgər gələcəkdə bölgələrin akademik göstəriciləri yenə aşağı olsa, bu verilən qərarlar üçün əsas göstərici olacaq”.
Aytən ZƏHRA