Modern.az

Müdafiə Nazirliyinin sabıq əməkdaşı - “QƏSD” yazdı

Müdafiə Nazirliyinin sabıq əməkdaşı - “QƏSD” yazdı

14 Sentyabr 2015, 17:23


Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini kəskin tənqid edib.

O, Modern.az saytına göndərdiyi yazıda Qərb dövlətlərini siyasi riyakarlıqda, Azərbaycanla bağlı əsl həqiqətləri məqsədli şəkildə təhrif etməkdə təqsirləndirib: "Qəsd. Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə başqa ad, sadəcə, tapa bilmədim. Bu məkrli sənəd bir müstəqil dövlətə qaşı hazırlanmış və düşünülmüş qəsddir. Xalqımız belə çətin zamanlarda həmişə dövlətinin yanında olub. Və bu dəfə də o, öz dövlətinə sahib çıxacaq, Avropa Parlamentinin təhlükəli planı çürük qoz kimi partlayıb dağılacaq. Əsrlərlə kiçik dövlətləri əsarət altına alan Avropa dünyaya ağalıq fikrindən daşınmır. Ancaq dünya tamam dəyişib. Hökmranlıq düşüncəsi isə Avropanın başından hələ çıxmayıb.

 Bəşəriyyətçün bu, böyük təhlükədir.

Məşhur "907" ilə də Azərbaycamı sınağa çəkdilər və elə zənn etdilər ki, bu zərbənin altından çıxmaq çətin olacaqdır. Göründüyü kimi, "907"-ni tətbiq edənlərin arzuları gözlərində qaldı. Avropa Parlamentinin qəbul etdiyi qətnamənin aqibəti də "907"-nin aqibəti kimi tarixin yaddaşına son dərəcə ədalətsiz və  basqıçı bir qərar kimi çökəcəkdir. Dünyaya hökmranlıq etmək arzusunda olan ABŞ-ın dəyənəkli Dövlət Departamentinin Avropadakı "qan qardaşı" qismində çıxış edən bu parlament yığnağını narahat edən, görəsən, nələr var? Çox da özünüzü oda-közə vurmayın, qara niyyət ortadadır. Tez bir zamanda bataqlıqdan xilas olub, sürətlə inkişaf yoluna qədəm qoyan Azərbaycanın güclənməsi, deyəsən, "sivil" Avropaya sərf etmir. Məgər, şübhəsniz var? Bəli, heç sərf etmir. Ya bəlkə onunçün Azərbaycan o qədər əziz və yaxındır ki, ürəyi dözməyib, buralarda ədalət axtarışına çıxıbdır? Yox! Yox! Mətləb elə yuxarıda dediklərimizdir. Amma bundan dəhşətlisi də var. Səhv etmirəmsə, Aristotelin sözüdür bu: "Düşüncə, fikir hələ əməl demək deyil". Nə qədər sərrast bir ifadə. Bu konteksdə yanaşanda sözün həqiqi mənasında Avropanın siyasi sistemində kök salmış düşüncə tərzi ilə həyata keçirmək istədiyi əməllər arasında dərin bir uçurum vardır. Yeni səlib yürüşü daha amansız və qəddar şəkildə müsəlman aləminin ürəyinə yeriməyə başlayıb. Yaxın Şərqdə tökülən qanlardan doymayan və dirsəyə qədər qana bulaşmış Avropa bu od-alovu Azərbaycana köçürmək niyyətini heç də gizlətmir. İslamafobiya qədim zamanlardan başlayaraq, indi daha böyük sürətlə inkişaf etməkdə olan müsəlman dövlətlərinin üzərlərinə yeriyir. Ayrı-seçkilik, bölücülür, insanları sortuna, dininə və irqinə, əqidəsinə görə təqib etməyə çalışan Avropanın və onun bu parlamentinin siması bəşəriyyətə tam məlumdur. Göründüyü kimi, "sivil" Avropanın Azərbaycana yönəlik xain münasibəti ortadır. Əlbəttə, Avropanı yerindən oynadan başqa bir məqamı da unuda bilmərik. Ölkə daxilindən Avropaya ötürülən uydurmalar, yalan məlumatlar da öz rolunu oynamamış deyil. Azərbaycan haqqında xoşagəlməyən obrazı Avropaya təqdim edən bizim soydaşlarımız etdikləri düşmənçiliyin fərqinə varmalıdırlar. Dövlət hamımızındır. Onun qəsd edildiyi halda, yaddan çıxartmayaq ki, köləlik pasportmuzu fərq qoyulmadan hər birimizin boynundan asacaqdır.

 Müxalifət özgə yaxşı bir şey düşünürsə, yanılır.

Dünyaya demokratiya, fikir və söz azadlığının meyarlarını ixrac etməyə can atan Avropanın hiyləgər siyasəti bu gün hər kəsə məlumdur. Burada bir haşiyə çıxacağam. Böyük Fransanın bəşəriyyətə verdiyi töhfələr az olmayıb. Mən onlardan birinə toxunmağı vacib sayıram. 1789-cu ildə Fransa Milli Assamlleyası tərəfindən qəbul edilmiş İnsanın və Vətəndaşların Hüquqları haqqında Bəyannaməsi bu gün də öz gücünü saxlamaqdadır. Bu Bəyannamədə bir sıra təməl prinsiplər - şəxsiyyətin iqtisadi, mədəni, siyasi hüquqları təsbit olunmuşdur. Fikir və mövqeyin azad şəkildə ifadəsi həmin Bəyannamədə ən qiymətli hüquqlardan biri kimi önə çəkilir. İndi gəlin görək, müasir Fransanın özü bu Bəyannamənin əksinə olaraq fikir və söz azadlığına və digər insan hüquq və azadlıqlarına baltanı necə qanunun dili ilə saplayır. Hazırda Fransa parlamentinin mürtəce qanununa görə, "erməni soyqırımı olmamışdır" deyən vətəndaşı cinayət məsuliyyəti gözləyir.

 Bu da XXI əsrin Fransasının düşüncə tərzi!

Və yaxud Avroparlamentin digər üzvü Almaniyanı götürək. Keçən əsrdə insanlığı qan dənizində boğmaq istəyən bu dövlət deyildirmi? İndi hitlerizmin davamçıları dünyaya "hüquq" və  "azadlıq" püskürür, insan dəyərindən danışır. Dəhşət burasıdır. Nəhayət, Avroparlamentdə təmsil olunan bəzi dövlətlərin nümayəndələri də daxil olmaqla Azərbaycanın inkişafını, dövlətin idarə edilmsini həzm edə bilmirlər. Sanki onlarçün Azərbaycan prezidenti İlham Əliyev böyük bir maneədir. Bəli, əslində prezident Əliyevin son dərəcə qətiyyətli və cəsarətli siyasəti Avropa parlamentinin Azərbaycanın siyasi işğalının qarşısında bir maneədir.

 İlham Əliyev idarə olunan dövlət başçısı deyil.

 Avropanın bəzi strukturları isə Azərbaycanda hakimiyyəti dəyişib, marionet birisini dövlət rəhbərliyinə gətirməkdir. Xəyanətkar planların tərkibində bu çirkli məqsəd birinci planda durur. Bunu Azərbaycan xalqı gözəl bildiyindən, prezidentin ətrafında daha sıx birləşirlər. Avropanın bu möhkəm divarı sarsıtmağa gücü yetməz. Əgər Avropanın bəzi dövlətlərində zərrəcə ədalət prinsipi qalıbsa, ayrı-seçkilik mövqeyindən əl çəkməlidir. Nəyə görə 2008-ci ildə Erənistanda hakimiyyətə qarşı mübarizəyə qatılmış insanlar gülləbaran edildi? Avropa Parlamenti nədən bu qanlı olaya öz münasibətini bildirmədi. İndinin özündə Ermənistanın mərkəzi şəhərlərində dövlət rəhbərliyinin istefası üçün küçələrə axışan xalqın səsini eşitmir bu Avropa Parlamenti. Çünki Azərbaycan müsəlman ölkəsidir..."

 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza