Sentyabrın 15-i Azərbaycanda Bilik günüdür, 2015-2016-cı dərs ili başlayır. Bilik günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Modern.az saytı xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, bu gün Azərbaycanda ümumi təhsil müəssisələrinə 1 milyon 370 minə yaxın şagird təhsil almağa gedir. 2015-2016-cı tədris ilində Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfində 150 mindən çox şagird təhsil almağa başlayacaq.
Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil alacaq.
Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə veriləcək. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə davam edir.
Bu il 2445 müəllim ilk dəfə orta məktəblərdə işləməyə başlayacaq.
Modern.az