Bakının Qurtuluşunun 97-ci ildönümü münasibətilə tarixçi - alim Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” kitabı nəşr edilib. Müəllif bu haqda fikirlərini Modern.az-la bölüşüb:
“Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu yalnız Bakını azad etməyib. Onlar böyük fədakarlıqla Azərbaycanın əksər bölgələrini azad ediblər. Məqsədim məhz bu faktları oxuculara çatdırmaq olub. Onlar Gəncədə, Göyçayda,Ucarda, Kürdəmirdə, Hacıqabulda, Ağsuda, Şamaxıda, Qobustanda, Qobuda, Güzdəkdə və digər Bakıətrafı bölgələrdə savaşıb torpaqlarımızı düşmənlərdən azad ediblər. Onlar vətənimizin Vətən olması üçün unudulmaz işlər gördü. Məhəmməd Əmin əsulzadə yazırdı: “Əgər 28 Mayda biz istiqlalımızı sözdə elan etmişdiksə, 15 Sentyabrda isə bunu əməli şəkildə həyata keçirdik”. Həqiqətən də İstiqlalımızın reallaşmasında, Cümhuriyyətimizin yaşamasında Qafqaz İslam Ordusunun fədakarlığı danılmazdır. 1100-dən çox Türk əsgəri canını Azərbaycanın azad olunması üçün fəda etdi. Biz onları unutmamalıyıq. Bax bu tarixi yaşatmaq üçün qızmar yay günlərində onların azad etdiyi Azərbaycan bölgələrini qarış-qarış gəzdim, o yerlərin fotolarını çəkdim, Türk şəhid məzarlarını ziyarət etdim, arxivlərdən sənədlər topladım və kitabı nəşr etdirdim. Bu işdə mənə həmin bölgələrdə yaşayan dostlarım yaxından köməklik göstəriblər. Və kitabın nəşrinə dəstək olmuş dəyərli ziyalımız Cavanşir Feyziyevə də təşəkkürümü bildirirəm. Biz həqiqət tariximizi yaşatmalıyıq. Bunu etməliyik ki, Azərbaycan gəncliyi milli ruhda böyüsün və Azərbaycanı sevsin”.
Modern.az