15 sentyabr Bilik günündə Füzuli rayonunun Əhmədbəyli kəndində müsiqi təmayüllü (internat tipli) gimnaziyanın açılışı mərasimi keçirilib. Modern.az xəbər verir ki,
Mərasimdə çıxış edən icra başçısı Alı Alıyev müəllim və şagirdləri 15 sentyabr yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.
Alı Alıyev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, respublikamızda ikinci olan gimnaziya cəbhə bölgəsində tikilərək bu gün şagirdlərin istifadəsinə verilir.
“Mən bütün füzulililər adından cənab Prezident İlham Əliyevə rayonumuza göstərdiyi diqqətə və qayğıya görə minnətdarlığımı bildirirəm. Dövlət tərəfindən yaradılan şəraitin nəticəsidir ki, rayonumuzun şagirləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. Təkcə bu il ali məktəblərə sənəd verən 544 şagirddən 326 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 92 şagird isə orta ümumtəhsil məktəblərinə qəbul olunmuşdur”.
Alı Alıyev musiqi təmayüllü gimnaziyada şagirdlərin təhsilin sirlərinə yiyələnmələri üçün hər cür şəraitin yaradıldığını, xüsusi fənn kabinələri, laboratoriya, idman, musiqi və akt zallarının fəaliyyət göstərdiyini vurğulayıb.
Açılışda bildirilib ki, 340 şagird yerlik bina 3 korpusdan ibarətdir. Əsas korpus 3 mərtəbədən, yataqxana, yeməkxana, musiqi və akt zallarından ibarət olan 2-ci və 3-cü korpuslar isə ikimərtəbəlidir. Gimnaziyanın binasında fizika, kimya, biologiya, hərbi dərsləri keçmək üçün kabinələri, 24 sinif otağı, laboratoriya, kompyuter otağı, kitabxana, yeməkxana, idman, akt və musiqi zalları yaradılıb, istilik və müşahidə sistemi quraşdırılıb. Gimnaziya müasir tədris vasitələri və ləvazimatları ilə təchiz olunub.
Sonda müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.