Sentyabrın 15-də Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət Vəkili professor Eldar Quliyev 1-ci kursa yeni qəbul olmuş tələbələrlə görüş keçirib.
Tədbir müstəqil Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olunub. Modern.az xəbər verir ki, sonra giriş sözü ilə çıxış edən universitetin rektoru professor E.Quliyev 1-ci kurs tələbələrini və onların valideynlərini, övladlarının ali məktəbə qəbul olunduqları və yeni dərs ili münasibəti ilə təbrik edib, eləcə də gələcək fəaliyyətlərində uğurlar diləyib.
“Universitetimizdə təhsil aldığınız illəri səmərəli keçirəcək, oxuyacaq, öyrənəcək, elmin, biliyin faydasını dərk edəcək və öz işinizin peşəkarı olacaqsınız. Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənc nəslin sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmasına qayğı ilə yanaşıb, gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı olub”-deyə deputat bildirib.
E.Quliyev onu da vurğulayıb kı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti dəstəkləyən universitetimizin professor-müəllim heyəti də öz uğurlu fəaliyyəti ilə müstəqil dövlətimizin möhkəmləndirilməsi işinə töhvəsini verməkdə davam edəcək.
Sonra Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov çıxış edib.
O, çıxışı zamanı universitetdə tələbələrin ictimai-siyasi, inntellektual inkişafına yardılan şəraitə görə bütün tələbələr adından universitetin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Sonda universitetin rektoru tərəfindən yüksək balla qəbul olunan tələbələrə tələbə biletləri təqdim olunub.