Modern.az

Rektor yüksək bal toplayan tələbələri mükafatlandırdı

Rektor yüksək bal toplayan tələbələri mükafatlandırdı

15 Sentyabr 2015, 16:30



Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 2015-2016-cı tədris ilində ADU-ya qəbul olunmuş  I kurs tələbələri ilə görüş keçirib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan görüşdə universitetin professor-müəllim heyəti,  I kurs tələbələri və onların valideynləri iştirak edib.

Modern.az xəbər verir ki, ADU-nun rektoru, professor Səməd Seyidov tələbələri ali təhsil ocağının yaranma tarixindən danışaraq, hazırda universitetdə 22 dilin tədris olunduğunu qeyd edib.
Səməd Seyidov qeyd edib ki, qabaqcıl ali təhsil müəssisəsi kimi ADU Azərbaycanın siyasi rəhbərliyi tərəfindən həmişə ən yüksək səviyyədə dəstək  alıb.

Rektor bütün dünya dillərinin və mədəniyyətlərinin ADU-da cəmləşdiyini vurğulayıb: “Mən fəxr edirəm ki, ADU tələbələlərinin qabiliyyətləri və bacarıqları sayəsində onların səsi dünyanın hər yerindən gəlir. Bu gün ADU-nun məzunları Azərbaycan diplomatiyasını, onun iqtisadiyyatını, mədəniyyətini, idarəetmə orqanlarını dünyanın hər yerində yüksək səviyyədə bacarıq və şərəflə təmsil edir”.  

Səməd Seyidov qeyd etdi ki, dövlət proqramından əlavə ADU öz tələbələrini xarici ölkələrə universitetin maliyyə dəstəyi hesabına göndərən yeganə universitetlərdəndir: “ADU tələbələri xüsusi proqramlar əsasında Norveç, Çin, Fransa, Böyük Britaniyada bakalavr və magistr təhsili almaq imkanına malikdir. Təsadüfi deyildir ki, bu yaxınlarda ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq Fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan on nəfər tələbəsi Çinin Şenyan Pedoqoji Universitetində ADU-nun hesabına təhsil almağa başlayıblar”.

Digər ölkələrin universitetlərinin kitabxanalarından da istifadə etməyin mümkünlüyünü dilə gətirən rektor qısa müddət ərzində universitetin böyük bir kampusunun yaranacağına əminliyini ifadə edib.

Çıxışının sonunda rektor universitet rəhbərliyini-prorektorları, fakültə dekanlarını, kafedra və departament müdirlərini tələbələrə təqdim edib.

ADU-nun Pedaqoji (ingilis-alman) fakültəsinə 690 balla qəbul olan I kurs tələbəsi, eyni zamanda Prezident təqaüdçüsü Selcan Namazova çıxış edib. ADU-nun tələbəsi olmaq arzusunun reallaşmasını dilə gətirən Selcan Namazova  bundan məmnunluq hissi keçirdiyini söyləyib.  

Sonra Tərcümə fakültəsinə 675 balla qəbul olan I kurs tələbəsi Gülanə Həbibovanın valideyni Aynurə Həbibova çıxış edərək, qızının bu universiteti seçməsinin əsas səbəbi kimi onun xarici dillərə marağı olmasını bildirib.  

Tədbirdə yüksək balla ADU-ya qəbul olan 11 tələbələyə noutbuk və planşet hədiyyə edilib, həmçinin onlara tələbə biletləri və gül dəstələri təqdim olunub.

Qeyd edək ki, 2015-2016-cı tədris ilində universitetə qəbul olan tələbələrin sayı 1600 nəfərə yaxın olub. 138 nəfər tələbənin topladığı bal 600-dən yuxarıdır. ADU-da təhsil alan tələbələrin ümumi sayı isə 6500 nəfərdən artıqdır. 


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza