Modern.az

Bölgələrdə məzunların 50 faizi buraxılış imtahanında “2” alır - AÇIQLAMA

Bölgələrdə məzunların 50 faizi buraxılış imtahanında “2” alır - AÇIQLAMA

15 Sentyabr 2015, 17:25

Təhsil müəssisələrində şəffaf idarəetmənin yaradılması, korrupsiya meyllərinin aradan qaldırılması təhsil idarəedənlərin qarşısında duran əsas prioritetlərdəndir. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2  ildir yeni direktorların işə qəbulu prosesi davam edir. Bakı şəhərində 40, regionlarda 350 nəfər yeni direktor vəzifələrinə təyinat alıb. Məlumatda bildirilib ki, bütün məktəblərə uyğun gələn vahid bir həll yolu yoxdur, hər bir məktəbin ehtiyaclarına uyğun dəstək göstərilməlidir:

“Önəmli olan məktəbdə şagird nailiyyətlərinin artırılması istəyidir, bu istək varsa dəyişiklik də olacaq. Şagird nailiyyətlərinin dinamikası ən vacib olan göstəricidir.

Şagirdlərin nailiyyətlərində sıçrayış görmək istəyiriksə, məktəb direktorları əmin olmalıdırlar ki, sinif otaqlarında keyfiyyətli tədris aparılır, şagirdlər öyrənir, müəllimlər bunun üçün yüksək motivasiya ilə səy göstərirlər. Buraxılış, qəbul və milli qiymətləndirmə layihələri göstərir ki, şəhər yerləri ilə kənd yerləri arasında keyfiyyət fərqi mövcuddur. Bəzi bölgələrdə IX sinif məzunlarının 50 faizdən çoxu buraxılış imtahanlarında “qeyri-kafi” qiyməti alır”.

Nazirlikdən bildirilib ki, regionlarda təhsilin idarə edilməsində keyfiyyətin artırılması əsas prioritetlərdəndir. Bu istiqamətdə şəffaflığın artırılması və səmərəliliyin təmin edilməsi vacib məsələdir:

“Ölkənin təhsilinin keyfiyyəti onun təhsil verənlərinin keyfiyyətindən yuxarı ola bilməz. Müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində keyfiyyət qaldırılmalı, yeni yanaşmalar tətbiq olunmalıdır. Hər il gənc müəllimlər yüksək tələbkarlıq və şəffaf seçim şəraitində işə götürülür. Müəllimlərin ixtisasartırma təlimləri formal xarakter daşımır, yeni qiymətləndirmə modulları əsasında keçirilir, hansı problem sahəsinin  olduğu müəyyənləşdirilir və ona uyğun təlimlər təşkil olunur. Müəllimlik ixtisasına qəbul olan yüksək bal toplayan tələbələrin həvəsləndirilməsi məqsədilə 2 ildir təqaüd proqramı həyata keçirilir”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza