Bu ilin 25-26 sentyabr tarixlərində Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşəcəyi gözlənilir.
Qarabağ məsələsi uzun zamandır danışıqlar masası ətrafında müzakirə olunmur.
Üstəlik Azərbaycan-Ermənistan sərhəddində vəziyyətin gərginləşməsi vətəndaşları ciddi narahat edir.
Ona görə də hər kəsi bir sual düşünüdürür.
Bölgədə müharibə təhlükəsi varmı? Müharibə başlayacaqmı?
Vəziyyətin qənaətbəxş olmaması həmsədrləri də düşünməyə vadar edir.
Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Nyu-York görüşündən nə gözləmək olar?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında nazirlərin görüşünü belə şərh edib.
“Əslində, yaxın zamanlarda Azərbaycan-Ermənistan prezidentlərinin görüşü baş tutmalı idi. Hətta, amerikalı həmsədr olan Ceyms Uorlik bu görüşün anonsunu da vermişdi. Görünür, bu görüşü təşkil etmək mümkün olmadı.
Bu da obyektiv səbəblərlə bağlıdır. Çünki danışıqlarda irəliləyiş yoxdur. Azərbaycan prezidenti də dəfələrlə vurğulayıb ki, görüntü xatirinə bu görüşlərdə iştirak etməyəcək. Deməli, mövzu yoxdur. Ermənistanın addım atacağı ilə bağlı məlumat da yoxdur. Ona görə də prezidentlərin görüşü təxirə salındı. Bunun əvəzində həmsədrlər xarici işlər nazirlərinin görüşünü gerçəkləşdirməyə çalışdılar. Bu görüşdən real nəticə çıxacağını zənn etmirəm. Sadəcə, fikir mübadiləsi olacaq. Nyu-York görüşündən də real nəticə gözləmirəm”.
Cəbhədəki vəziyyətə toxunan politoloq müharibə təhlükəsindən də danışıb.
“Həmsədr dövlətlər lokal toqquşmaların bölgədə genişmiqyaslı toqquşmalara keçəcəyindən ehtiyat edirlər. Bunun üçün zəmin də var. Əgər bir neçə il öncə, atəşkəs snayper atəşilə pozulurdusa, indi artıq ağır artelleriya işə düşüb. Hərbi təyyarələr bir-birilə yaxın məsafədən uçurlar. Müharibənin başlanması ehtimalı artıb. Bu da həmsədr ölkələrini ciddi narahat edir. Ona görə də həmsədr dövlətlər tərəflər arasında təmasların sayını artırmağa çalışırlar. Məsələ burasındadır ki, təmaslarla iş bitmir. Əgər həmsədrlər prosesi irəli aparmayınca, danışıqlarda real nəticə olmayınca bölgədə vəziyyətin gərgin qalacağını yenə ehtimal edə bilərik. Nyu-York görüşündən də real nəticə çıxmasa, cəbhə bölgəsində vəziyyət bir az da gərginləşəcək. Həmsədrlərin növbəti arzusu ilin sonuna qədər prezidentləri görüşdürməkdir. Hər il hansısa təmasda görüşlər, fikir mübadiləsi olur. Sadəcə, proseslərə təsir etmir. Ona görə də bölgədə gərginlik müşahidə olunur. Son zamanlar cəbhədə vəziyyətin gərgin olması heç bir görüşdən asılı deyil. Avropa oyunları zamanı da cəbhədə atəşkəs tez-tez pozulurdu. Hətta, nazirlərin görüşü baş tutarsa, bu, atəşkəsin bərpasına zəmin yaratmayacaq. Atəşkəsin pozulması davam edəcək. Cəbhədə geri dönüşü olmayan elə bir proses başlayıb ki, heç kim ümid edə bilmir. Nə qədər ki Ermənistan status-kvonu uzatmağa çalışır, Azərbaycanın başqa alternativi qalmır ki, işğalçını güc yolu ilə rayonları boşaltmağa məcbur etsin. Zəruri, obyevtiv bir proses gedir. Bunun nəticələri nə olacaq, bax, bunu hesablamaq çətindir. İndiki genişmiqyaslı toqquşma 90-cı illərin müharibəsindən çox fərqlənir. 20 il ərzində bölgədə şərtlər çox dəyişib. Bölgədə böyük dövlətlərin maraqları var. Müharibənin başlayacağı təqdirdə bu, qonşu dövlətilərin- Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, İran, Pakistan, Türkiyənin maraq kəsişmələri olacaq. Bu faktordur, öz rolunu oynayır”.
“Xarici işlər nazirlərinin Nyu-York görüşünə Moskvanın təsiri olacaqmı sualına Elxan Şahinoğlu belə cavab verib.
“Moskva hər zaman oyun oynayır. Bir tərəfdən Azərbaycanı dost, tərəfdaş dövlət adlandırır, digər tərəfdən isə Ermənistanı silahlandırır. 200 mln dollar verir ki , Ermənistan özünə silah-sursat alsın. Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həll olunması üçün Rusiya heç bir addım atmır. Rusiya yenə öz işini davam etdirəcək.”
Namidə BİNGÖL