Modern.az

Vergilər Nazirliyində kadr dəyişikliyi edildi

Vergilər Nazirliyində kadr dəyişikliyi edildi

İqtisadiyyat

17 Sentyabr 2015, 15:51



2015-ci il iyul ayının 13-də prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verilən tapşırıqların icrası məqsədilə Vergilər Nazirliyində keçirilən kollegiyada bir sıra mühüm qərarlar qəbul edilib. Tapşırıqların planlı və sistemli həyata keçirilməsini təmin etmək məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə tədbirlər planı təsdiq olunub.

Bu haqda Modern.az saytına nazirliyin Analtik-informasiya şöbəsindən verilən məlumata görə, nazirin 2015-ci il sentyabrın 15-dəki  əmri ilə Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması, Xüsusi Rejimli Vergi Xidməti və Bakı Vergilər Departamentlərinin, Vergilər Nazirliyinin Ərazi Vergilər Departamentləri və İdarələrinin, Rayon Vergilər Şöbələrinin strukturunda bəzi dəyişikliklər edilib.

Bu dəyişikliklər ilk növbədə vergi borclarının dövlət büdcəsinə tam həcmdə alınmasının təmin olunması ilə bağlıdır.

Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin bazasında Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi yaradılıb.

Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti və Bakı Vergilər Departamentinin, eləcə də ərazi vergi orqanlarının tərkibində fəaliyyət göstərən vergi borclarının alınması strukturları ləğv edilərək, onların əvəzinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin tərkibində Vergi borclarının məcburi alınması idarəsi yaradılıb. Bu idarənin tərkibinə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə, habelə, hər bir ərazi vergi orqanı üzrə yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq 14 şöbə yaradılıb.

Vergilər nazirinin digər əmri ilə xarici dövlətlərin vergi təşkilatları, banklar, sığorta təşkilatları və maliyyə institutları, beynəlxalq və regional maliyyə qurumları ilə maliyyə xarakterli məlumatların mübadiləsini təşkil etmək, bu təşkilatlarla Vergilər Nazirliyinin müvafiq sahədə əməkdaşlığını əlaqələndirmək, təcrübə mübadiləsi xarakterli qarşılıqlı səfərlər və görüşlər təşkil etmək, habelə maliyyə institutlarında vergi monitorinqini aparmaq məqsədilə Vergilər Nazirliyində müvafiq struktur yaradılıb.

Vergilər nazirinin əmri ilə yaradılmış strukturlara kadr təyinatları da həyata keçirilib. Vidadi Məmmədov Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi, Zeynalabdin Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi təyin edilib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama