Modern.az

Everestə çıxmaq və ... ÖLMƏK

Everestə çıxmaq və ... ÖLMƏK

17 Sentyabr 2015, 22:40

Dəyərdimi? Dünyanın ən hündür nöqtəsində dayanıb ətrafı seyr etmək naminə həyatını qurban vermək, əl-ayağını itirməyinə dəyərdimi? Havasızlığa dözmək, iliklərinə qədər işləyən soyuqda 8 km hündürlükdə, heç bir dayaq olmadan yerimək, asma körpülərdən keçmək alpinistlərin nəyinə lazımdır?

“Everest” fimini izlərkən, məni və yəqin ki çoxlarını bu suallar düşündürürdü. Çoxdandır gözlənilən “Everest”in rəsmi premyerasından bir gün öncə Park Cinema-nın İMAX kinoteatrında jurnalistlər üçün nümayişi baş tutdu. Filmin süjeti real hadisələrdən - 1996-cı ilin may ayında Everestdə baş verən kütləvi ölüm olayından bəhs edir. Bir çox peşəkar alpinistlər Everesti fəth etməyə çalışır. Rob Holl da onlardan biridir. Rob dağa ən yaxşı dırmananlar və pulu hesabına ekspedisiyaya gələnlərdən ibarət komanda yığır. O, hər kəsi zirvəyə çıxara bilir. Amma geri qayıdanda havanın gözlənilmədən kəskinləşməsi, oksigen balonlarının azlığı probemlər yardır. Bu yürüş faciə ilə nəticələnir – 8 nəfər həyatını itirir.

İslandiyalı rejissor Baltasar Kormakur bu faciəni çox bacarıqla lentə alıb. Ona bu işdə tanınmış aktyorlar – Emili Uotson, Ceyk Cillenhol, Ceyson Klark, Robin Rayt, Kira Naytli və digərləri yardımçı olublar.

Everesti fəth edən ilk azərbaycanlı

 

Park Cinemanın təşkil etdiyi nümayişdə jurnalistləri digər sürpriz də gözləyirdi. Belə ki, Everesti fəth edən ilk azərbaycanlı İstafil Aşurlu da media nümayəndələri ilə bu filmi birlikdə izləyirdi.

Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu sırf bu gecədə iştrak etmək üçün bir neçə saatlığna Bakıya gəlibmiş. “Tərəqqi” medalının sahibi olan İ.Aşurlu Azərbaycan alpinistləri arasında ilk dəfə olaraq “Qar bəbiri” titulunu qazanıb. Bu titul keçmiş SSRİ ölkələri ərazisində yerləşən 5 ən uca dağ zirvəsini fəth etmiş alpinistlərə verilir. “Yeddi zirvə” layihəsi çərçivəsində isə Everestə qalxan və Azərbaycan bayrağını dalğalandıran ilk idmançıdır.

Maraqlısı odur ki, İsrafil məhz bu dəhşətli olay haqqında oxuduğu yazıdan sonra alpinist olmaq qərarına gəlib: “Buna görə də filmi böyük həyəcanla gözləyirdim. Filmin süjetini təşkil edən bu əhvalat mənim üçün müqəddəsdir”.

Tez-tez soruşurlar ki, niyə dağlara çıxırıq?

İsrafil Aşurlu alpinistlərə ən çox verilən sualın cavabını da açıqladı: “Tez-tez soruşurlar ki, niyə bunu edirik? Niyə dağlara çıxırıq? Amma alpinist olmayan kəslər bizi anlaya bilməz. Everesti ilk dəfə fəth etməyə çalışan ingilis Corc Mellori “Niyə Evereste çıxmaq istəyirsiniz”suala yaxşı cavab vermişdi: "Sadəcə ona görə ki, bu zirvə mövcuddur”. Qeyd edək ki, 1999-cı ildə həmyerlimiz Saridan Mürsəqulov dünyanın ən hündür zirvəsinə çıxmaq istəyib, lakin səhhətinin pisləşməsi ucbatından buna nail ola bilməyib. Respublika Alpinist-Turist İdmanı Klubunun sədri olan S.Mürsəqulov da filmi seyr edənlər arasında idi. 2011-ci ildə isə İsmayıl Əsgərov 8600 metr hündürlüyə qədər çıxsa da, hava şəraitinə görə geri qayıtmalı olub. 2007-ci ildə İsrafil Aşurlu Himalayın ən yüksək nöqtəsini ram edə bilib. Tədbirdə İ.Aşurlunun Himalay dağlarında həlak olan əmisi oğlu Murad Aşurlunun ruhu da bir dəqiqəlik sükutla yad edildi.

3D formatında gözəl mənzərələr

 

Filmə gəlincə - əminliklə demək olar ki, son aylarda prokata çıxan ən gözəl filmlərdən biridir. “Everest” izləyicini son anlara qədər gərginlikdə saxlayır. Kinozaldakı hər bir kəs bu əhvalatın sonunu bilsə də, yenə də həyəcanla kadrları izləyir, əllərini sıxaraq “bəlkə, sağ qalacaq, bəlkə qayıda bilıcək, bəlkə yıxılmayacaq” kimi xəyallar qururdu.

Filmin İMAX ekranında 3D formatda baxılması isə həyəcanı daha da artırır. Dağlar, iki qaya arasında asma körpüdən keçid, 8 km hündürlükdə qar fırtınası, alpinistlərin yaşadığı əzablar – bunları təsvir etmək mümkün deyil, yalnız görmək lazımdır.

İndiyə kimi 500 nəfərə yaxın insan Everest naminə həlak olub. Amma buna baxmayaraq, bu yüksəklik yenə də hər kəsi özünə cəzb edir. Himalayın məşhur yüksəkliyi (Tibet mənbələrində adı Comolunqma gedir) cənub zirvəsi (8760 m) Nepal və Tibet arasında yerləşir.

Həmişə alpinistlərin diqqətini cəlb edən Everestə çıxmaq çox təhlükəlidir. Burada atmosfer qatı çox seyrəkdir, oksigen çatışmır. Digər tərəfdən 50 dərəcə şaxta küləklər ucbatından insan orqanizmi tərəfindən az qala 120 dərəcə şaxta kimi qəbul edilir. Ona görə də alpinistlər yıxılıb travma almaqdan savayı, həm də havasızlıqdan boğulmaq, donmaq təhlükəsi ilə üzləşirlər.

F.Əliyeva

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir