Mətbuat Şurasının sədri Əflatun Amaşovun deputatlığa namizəd olacağı ilə bağlı xəbərdən sonra onun hansı dairədən seçkilərə qatılacağı gündəmə gəlmişdi. Dünən yayılan xəbərlərdə iddia olunur ki, Mətbuat Şurasının sədri artıq qərarını qətiləşdirib və 62 saylı Saatlı Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu dairənin hazırki deputatı akademik Cəlal Əliyevdir. Amma Cəlal Əliyev YAP-ın yeni siyahısına salınmayıb və bu, o deməkdir ki, ağsaqqal akademiki daha parlamentdə görə bilməyəcəyik.
Modern.az saytı Əflatun Amaşovdan məlumatı dəqiqləşdirmək istəsə də, o, bununla bağlı gün ərzində açıqlama verəcəyini qeyd edib.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) 62 saylı dairədən Nazim Rəşidovun namizədliyini irəli sürüb. Bu dairənin hazırki deputatı akademik Cəlal Əliyev 1 noyabr seçkilərində iştirak etməyəcək.
***
Mətbuat Şurasının sədri Əflatun Amaşov 62 saylı Saatlı seçki dairəsindən namizədliyini irəli sürüb. “Report”un xəbərinə görə, bu barədə Şura sədri özü məlumat verib.
O, Milli Məclisin deputatı olmağa iddialı olduğunu bildirib: “Azərbaycanın demək olar, bütün rayonlarında dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Parlament seçkisi isə böyük rəqabət meydanıdır. Hər bir namizəd çalışacaq ki, özünün daha faydalı olduğunu göstərsin. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam. Məni dəstəkləyəcək hər kəsə öncədən təşəkkürümü bildirirəm”.
Aytən ZƏHRA